Azərbaycanda yeni tendensiyalar: qaçaqmalçılıq ittihamı və bank hesablarının bloklanması
Azərbaycanda siyasi təqiblər
Son zamanlar Azərbaycanda qaçaqmalçılıq ittihamı ilə həbslər tendensiyası getdikcə güclənir. Bu gün hüquq-mühafizə orqanları eyni ittihamı “Kanal 13” internet televiziyasının rəhbərinə qarşı qaldırıb.
İkinci yeni tendensiya təkcə təqsirləndirilən şəxslərin deyil, “Abzas Media” işində iştirak edən hər kəsin, eləcə də onların yaxınlarının bank hesablarına həbs qoyulmasıdır.
- Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb
- Bakı-Sumqayıt-Bakı qatarında keçən həyatlar
- Azərbaycan: həbslər davam edir
“Kanal 13” rəhbərinə qarşı yeni ittiham
Dekabrın 19-da 20 gün əvvəl qanunsuz ev tikdiyinə görə həbs edilən “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb. İndi o, həmçinin Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
“Bu gün Bakı şəhəri Səbail rayon Polis İdarəsi ona qarşı yeni ittiham irəli sürüb. Söhbət Əzizin qardaşı Anarın dostu vasitəsilə Avropadan göndərdiyi cüzi puldan gedir. Əziz Orucov nə əvvəlki, nə də bu ittihamları qəbul edir. O, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir”, – deyə vəkil bildirib.
Bu maddəyə əsasən, Orucovu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və qanunsuz sahibkarlıq ittihamını ləğv edib. O, vaxtından əvvəl azadlığa buraxılıb.
Xatırladaq ki, “Abzas Media” işi üzrə həbs edilən beş nəfərin hamısı – baş redaktor Sevinc Vaqifqızı, direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, reportyor Nərgiz Absalamova, araşdırmaçı jurnalist Hafiz Babalı da bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq törətməkdə ittiham olunurlar.
Bank hesablarının bloklanması
Dekabrın 18-də “Abzas Media” işində adı gedən bütün şəxslərin və onların yaxınlarının şikayəti üzrə məhkəmə iclası təyin edilib. Onlar məhkəmənin təkcə bu işdə təqsirləndirilən şəxslərin deyil, şahidlərin, hətta onların bu işdə ümumiyyətlə iştirak etməyən yaxınlarının da bütün bank hesablarının bloklanması ilə bağlı qərarından şikayət ediblər.
Araşdırmaçı jurnalist Hafiz Babalı iclasın keçirildiyi Bakı Apellyasiya Məhkəməsinə gətirilməyib. Odur ki, digər şikayətçilər prosesin başqa günə təxirə salınmasını istəyiblər. Məhkəmə onların vəsatətini təmin edib və iclas dekabrın 20-nə qədər təxirə salınıb.
Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova deyir ki, pensiya kartı bloklandığı üçün artıq əlillik pensiyasını da ala bilmir.
“İkinci qrup əlil kimi 326 manat pensiya alırdım. Hər ay dekabrın 15-də götürürdüm pulu. Ancaq bu dəfə pensiya kartımdan pulu çıxara bilmədim. Dərmanlarım 500 manat pul tutur. Pensiya nəinki dolanışığıma, heç dərmanımın puluna yetmirdi. Ayrı heç yerdən gəlirim yoxdur, olanım o idi. Bəzi dərmanlarımı aptekdən nisyə almışam. Dedim pensiyanı alanda verəcəm pulunuzu, pensiyanı da çıxara bilmədim. Belə çox çətindir”, – o deyir.
Ülvi Həsənlinin bacısı Nərmin Həsənova da deyir ki, ailə üzvlərinin hesablarının bloklanması onlara xeyli çətinlik yaradıb:
“Anam Esvira Musayevanın pensiya, bacım Sədaqət Həsənovanın maaş kartına blok qoyulub. Evin yeganə gəlir gətirənləri onlar idi. Anamın öz ehtiyacları var, neçə gündür narahatdır ki, necə edəcəm?” – deyə Nərmin Həsənova bildirib.
Vəkil Elçin Sadıqov deyir ki, nəinki ailə üzvlərinin, hətta təqsirləndirilən şəxslərin özlərinin də bank hesablarının bloklanması əsassızdır:
“Bəzi işlər üzrə istintaqda belə qərarlar verilir, ancaq bu iş üzrə bunu şərtləndirəcək hal yoxdur. Qərar əsassızdır”, – deyə vəkil “Abzas Media”ya bildirib.