Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb
Orxan – Arif Hacılının oğlu
Azərbaycanda müxalif Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb. Bu haqda onun vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, dekabrın 19-da Bakının Yasamal Rayon Məhkəməsi Hacılının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.
- Bakı-Sumqayıt-Bakı qatarında keçən həyatlar
- Azərbaycan: həbslər davam edir
- Azərbaycanda uşaqpulu: Nədir və nə üçün verilmir? 9 suala cavabda
“İstintaq 50 gündür davam edir və bu müddətdə Orxan Hacılının həbsdə saxlanılması üçün əsaslar aradan qaldırılıb, ona görə də biz vəsatət qaldırdıq. Məhkəmə bizim vəsatətimizi əsaslı hesab etdi”, – Kərimli deyib.
Müsavat Partiyasının rəhbəri Arif Hacılı oğlunun azad edilməsini müsbət fakt adlandırıb.
“Son həbs dalğası Orxanın həbsilə başladı. Ümid edirəm ki, azadlıq dalğası da onun azad edilməsilə başlayacaq”, – Arif Hacılı deyib.
Noyabrın 2-də Bakının Yasamal Rayon Məhkəməsi Orxan Hacılını Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti qaydalarının pozulması, sağlamlığa az ağır ziyan vurmaqla) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmək) maddələrilə 2 ay müddətinə həbs edib.
Orxan Hacılı oktyabrın 11-də başqa avtomobilin sürücüsünün günahından baş vermiş qəza üzrə cəlb edilib. Qəzanın müşahidə kameralarına yansımış video-görüntüsü isə hadisədən iki həftə sonra, onun həbsindən bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılmışdı. Bu görüntülər qəzada digər sürücünün günahkar olduğunu və xəsarət alanın olmadığını açıq şəkildə göstərir. Buna baxmayaraq, Hacılı həbs olunduqdan sonra işdə “zərərçəkən” ortaya çıxıb, o, qəza zamanı yoldan keçdiyini və xəsarət aldığını bildirib.