Azərbaycanın ombudsmen ofisi siyasi məhbusun ölümü xəbərini inkar edib. Həbsxanalarda işgəncə haqda yeni məlumatlar. Yenilənir
12.00 / 2 avqust 2020
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan funksioneri Fuad Qəhrəmanlının öldüyü, ya sağ olduğu hələ də aydın deyil.
Avqustun 1-də axşam saatlarında sosial şəbəkələrdə onun işgəncələrdən öldüyü ehtimalı haqda məlumat yayılıb [daha ətraflı aşağıdakı reportajda]. Daha sonra keçmiş prokuror və keçmiş siyasi məhbus Rüfət Səfərov Facebook səhifəsində bu xəbəri təkzib edib.
“Vəkil Bəhruz Bayramov Ombudsmen Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə ilə əlaqə saxlaya bilib. Rumzadə Bəhruz bəyə bildirib ki, Fuad Qəhrəmanlı sağdır […]”, – Səfərov vəkilə istinadən yazıb.
Vəkil Bəhruz Bayramova bazar ertəsi, avqustun 3-də Qəhrəmanlı işə görüşə şərait yaradılacağı vəd edilib.
• Azərbaycanda koronavirusa yoluxan azı 40 məhbus arasında Aqil Məhərrəmli də var
Rüfət Səfərov həmin statusunda Ombudsmen Aparatını tənqid edərək bildirib ki, aparat əməkdaşları sosial şəbəkələrdə yayılan həyəcanlı məlumatlardan dərhal sonra məhbusu ziyarət etməli və onun doğmalarına və yaxınlarına səhih məlumat çatdırmalı idilər.
Amma bunun əvəzinə onlar məsələnin həllini bir neçə gün sonraya sağlayıblar.
Fuad Qəhrəmanlının həyatda olması ümidi ilə digər müxalif bloger və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev də yazıb:
“Ombudsmen Aparatından onun [Fuad Qəhrəmanlının] sağlığı barədə dəqiq məlumat istəmişdim. Qısa müddət ərzində (təxminən yarım saat) araşdırdılar, mənə məlumat verdilər ki, Fuad Qəhrəmanlı sağdır, hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bildirilir ki, durumu və saxlanma yeri yaxşıdır.
Hazırda məsələ Ombudsmen Səbinə xanım Əliyevanın şəxsi nəzarətindədir. […] Ən qısa vaxt ərzində Fuad bəy başda olmaqla digər saxlanılanların ailə üzvləri və vəkillərlə görüşlərinin təmin edilməsi və işgəncə, qeyri-insani rəftardan uzaq tutulması üçün addımlar atmaqlarını da gözləyirəm”.
“Həbsxanalarda işgəncə və döyülmələr” – məhbus məktubu
Azərbaycan həbsxanalarında siyasi məhbusların vəziyyəti haqda informasiya ümumilikdə çox azdır.
Bloger Nihad Hüseyn Twitter hesabında yazıb ki, müxalif fəal Seymur Əhmədov həbsxanadan doğmalarına məktub göndərə bilib və bu məktubda o, məruz qaldığı işgəncə və döyülmələr haqda yazıb.
Əhmədov da Qəhrəmanlı kimi digər 45 nəfər müxalifətçi ilə birlikdə iyulun 15-ə keçən gecə Bakıda keçirilən orduya dəstək aksiyasında iştirak etdiyi üçün həbs olunub.
“Seymur Əhmədov… yazır ki, hər gün işgəncə görüb. Mülki geyimli bir şəxs Seymuru Nərimanov RPİ-də saatlarla dubinkayla döyüb”, – Nihad Hüseyn bildirib.
19.00 / 1 avqust 2020
Avqustun 1-də sosial mediada Azərbaycan həbsxanalarından birində siyasi məhbus Fuad Qəhrəmanlının işgəncə ilə öldürülməsi haqda məlumat yayılıb. Buna dair rəsmi təsdiq və ya sübut hələlik yoxdur.
Fuad Qəhrəmanlı iyulun 15-də Bakıda keçirilən orduya dəstək aksiyasından sonra həbs olunan 45 nəfərdən çox müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərindən biridir.
“İlham Əliyev [Azərbaycan prezidenti], həbs etdirdiyiniz insanların başına bir iş gələcəksə, bunun məsuliyyəti sizin üzərinizdədi”, – Qəhrəmanlının keçmiş həyat yoldaşı Zümrüd Yağmur Facebook səhifəsində yazıb.
Hələlik bu məlumatı təsdiqləmək mümkün olmayıb, amma bu haqda məlumatı tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl da paylaşıb:
“Müxtəlif mənbələrdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işgəncələrə məruz qaldığı haqda bildirilir. Onun öldüyü haqda məlumatlar da var. Həbs edildiyi andan vəkili Bəhruz Bayramova onunla görüşməyə icazə verilməyib.
Partiyanın daha iki üzvü Baba Süleyman və Seymur Əhmədov da sərt işgəncələrə və zorlama təhdidinə məruz qalıblar. Verilən məlumata əsasən, Baba Əli Kərimliyə qarşı yalan ifadələri imzalamağa razılıq verib.
Biz məlumatları yoxlamağa çalışırıq. Vəkillərə öz müvəkkillərini görməyə imkan verilmir, Azərbaycanda isə işgəncələrə qarşı effektiv mexanizm yoxdur”.
Azərbaycanlı blogerlər son vaxtlar iki istiqamətdə gündəlik hesablama aparmağa başlayıblar: koronavirusla və hakimiyyət tərəfindən saxlanılan müxalifətçilərlə bağlı statistikaya dair.
Həbs olunan 45 nəfərə yaxın müxalifətçiyə ilkin olaraq iyulun 15-ə keçən gecə orduya dəstək aksiyası zamanı qanunsuz əməllərlə bağlı ittiham irəli sürülüb.
Amma daha sonra ittihamlar sərtləşdirilib və bəzi saxlanılanlar indi hakimiyyəti devirmək cəhdində şübhəli bilinirlər.