Azərbaycanda Kürün dayazlaşması görünməmiş həddə çatıb. Ekoloqlar həyəcan təbili çalır
Azərbaycanda Kürün dayazlaşması
Yerli ekoloqlar və ekoloji aktivistlər həyəcan təbili çalır – Azərbaycanda Kürün dayazlaşması görünməmiş həddə çatıb. Çayın mənsəbinə yaxın yerləşən Salyan və Neftçala rayonlarının sakinlərinin sözlərinə görə, artıq Kürdən piyada keçmək olur. “EcoFront” müstəqil ekoloji təşkilatın rəhbəri Cavid Qara bildirib ki, çay yalnız Azərbaycan ərazisində dayazlaşıb.
- İlham Əliyev: “Qarabağda ermənilərin həyatı işğal dövründən daha yaxşı olacaq”
- Bakıda feministlərin ənənəvi “8 Marş” yürüşü keçirilib – FOTOREPORTAJ
- Balik – “istəkli məkan”, yoxsa “bataqlıq”?
Azərbaycanın Kür çayının mənsəbinə yaxın yerləşən bəzi rayonlarında ölkənin əsas su arteriyasının görünməmiş dayazlaşması qeydə alınıb. İş o yerə çatıb ki, dayazlaşmış ərazilərdə arxeoloqların və tarixçilərin marağına səbəb olacaq artefaktlar tapılıb.
Salyan rayon sakini, fəal Emil Məmmədovun sözlərinə görə, bu gün Kürü piyada da keçmək mümkündür, baxmayaraq ki, ötən ilə qədər bu, ağlasığmaz görünürdü.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kürün aşağı axınındakı vəziyyəti “acınacaqlıdır, lakin ümidsiz deyil” kimi tərif edib.
Bu hadisələr fonunda Azərbaycan sakinlərinin içməli su ilə təminatına cavabdeh olan “Azərsu” dövlət qurumunun nümayəndələri əhali üçün suyun qiymətinin bahalaşmasının qaçılmaz olduğunu açıqlayıb. Onların sözlərinə görə, indi su əhaliyə maya dəyərindən aşağı qiymətə satılır.
Çay mənbəyini haradan alır və bu ölkələrdə vəziyyət necədir?
Kürün formalaşmasında Türkiyənin rolu 5-10 faiz arasındadır – Cavid Qara belə deyir. Çayın özünün su ehtiyatında isə Türkiyənin payına iki-üç faiz düşür:
“Bu yerləri ortalamadan 2-3 dəfə artıq aktiv su toplama ərzisi götürsək, yenə də 10%-i keçmir. Yəni Türkiyə kürün suyunu tam kəssə də vəziyyət bu qədər acınacaqlı olmamalıdır. Amma kəsmir.
Bu yerlər ciddi ölçüdə suvarma əkinçilik edilməyəcək qədər dağlıq ərazilərdir. Buzlaqlar filan da yoxdur. 1400-2700 metr yüksəklik arası bizim Gədəbəy və Tovuz rayonları qədər yerlərdir.
2-3 dənə Mingəçevirin quyruğu boyda su anbarları tikilib. O da su elektrik stansiyalarıdır, suvarma əhəmiyyətli deyil. Yəni sudan enerji əldə edilir, su öz axarı ilə davam edir.
Kür çayında Türkiyənin rolu ən sonuncudur. Türkiyənin adı ona görə çəkilir ki, Kür ordan başlayır. Ordan başlamağına isə biz qərar vermişik. Gürcüstsndan da başlaya bilərdi. Ən uzaq qolu Türkiyədən başlayır, ona görə belə qərara gəlmişik”.
Kür Gürcüstanda və Ermənistanda
Ekoloji aktivist qeyd edib ki, Kür Türkiyədən Gürcüstana keçdiyi yerdə Tərtərçay kimi balaca bir çaydır:
“Sərsəng su anbarı belə onların tikdikləri su anbarlarından qat-qat böyükdür. Gürcüstandan və Ermənistandan Kürə onlarla Tərtərçayı kimi və daha güclü çaylar qovuşur.
Ermənistanda Kürün su toplama hövzəsi Türkiyədən daha geniş və daha yüksək dağlıq ərazilərə düşür. O ərazilərdə də nə ciddi bir suvarma var, nə də SES-lər. Qazaxla sərhəddə kiçik bir çayın üzərində kiçik bir anbar var. Yerli kənd əhəmiyyətli problem yaradır.
Gürcüstan Kürün suyunun formalaşmasının ağırlığını görür. 4000 metrdən yüksək dağlardan, buzlaqlardan başlayan çaylar bol yağıntılı ərazilərdən keçir. Gürcüstanda kürün hövzəsində suvarılan ərazilər də çox deyil. Onlarda bizdəki qədər suvarmaya ehtiyac yoxdur, çünki yağıntı çox düşür. Bizə yaxın quraq yerlərdə isə əksəri qış oltaqları kimi istifadə edilir.
Kürün dərdi 3 yuxarı ölkənin vecinə deyil, o ərazilərində su qıtlığı da yoxdur”.
Azərbaycanda Kürün problemləri
“Kürün suyu onların ərazilərində formalaşır, bizə Qırmızı Körpüdən nə keçir böyük şeydir. Qonşu ölkələr ərazilərində formalaşan Kürün suyunun cuzi hissəsini istifadə edirlər qalanını bizə pay verirlər. Dövlət rəsmiləri bunu yaxşı bilir. Ona görə qonşu ölkələrə qarşı heç bir rəsmi iddia yoxdur. Qeyri rəsmi şişirdilmiş məlumatlar yaymaqla kütləni doyuzdururlar.
Qonşu ölkələri qınamaq üçün gedib Kürün “Qırmızı körpü”dəki vəziyyətini çəksinlər ki, baxın qurudublar.
Kür bizə gəlir, biz onu quruduruq. Çeyrançöldən tutmuş, Korçaydan, Ağyazıdan, Haramı düzündən tutmuş Mil Muğan düzlərinə kimi nə qədər qış otlağı var idi, hamısını əkmişik. Yayda ilan mələyən, ancaq qışda az miqdarda ot örtüyü olan yüz min hektarlarla çöllərdə intensiv suvarma ilə əkin başlatmışıq. Zorla yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır.
Qış otlaqlarının yerindəki aqroparkların hamısı məmur-biznesmenlərindir. Bu həm də ədalətsiz rəqabətdir. Kimsə pul yatırır torpaq alır. Bunlar qış otlağını qəpik-quruşa icarəyə götürüb əkin sahəsi edir. Ancaq məmur-biznesmenlərin bu imkanlara çıxışı var. Suyu da birinci onlar istifadə edir. Çatsa, qara camaata da sızdırırlar.
Qış otlağı itəndə yaylağa getməyin də mənası qalmır. Çobanlar ya işi dayandırır, ya da yemə keçir, istehsal azalır və xərclər artır. Nəticədə ət də bahalaşır”, – deyə Cavid Qara fikrini yekunlaşdırıb.