Azərbaycanda keçiriləcək prezident seçkilərində kim var, kim yox?
Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başlayıb. Aprelin 11-də keçiriləcək seçkilər müstəqil Azərbaycanın tarixində sayca səkkizinci və üçüncü növbədənkənar prezident seçkiləri olacaq. Seçkilər oktyabrda baş tutmalıydı, amma prezident İlham Əliyev vaxtından əvvəl keçirmək qərarına gəlib.
Rəsmi olaraq 15 namizəd irəli sürülmüşdü. Səkkiz namizəd növbəti yeddi il ərzində Azərbaycan prezidenti postu uğrunda mübarizə aparacaq. Bu seçkilərdə kimin kim, kimin heç kim olduğunu və kimin ümumiyyətlə olmadığını aydınlaşdırmağa çalışaq.
Kim var?…
Bu seçkilərdə yeganə “kim” fəaliyyətdə olan prezident İlham Əliyevdir. Onun dördüncü dəfə prezident olacağına heç bir şübhə yoxdur. Seçkilər Skandinaviya ölkələrinin ən demokratik standartlarıyla keçirilsə belə, Əliyev qələbə çalacaq.
Amma müəyyən intriqa da var – neçə faiz səs toplayacaq? Ötən seçkilərdə rəsmi məlumata görə, o, müvafiq olaraq 77, 89 və 84,5 faiz səs toplayıb. Mənim bu dəfəki proqnozum – nəhayət, 90 faizlik hədd aşıralacaq, bu, artıq prestij məsələsidir.
Daha bir intriqa – İlham Əliyev yeddi illik müddətin axırına qədər qalacaqmı? Amma bu, artıq başqa bir məqalənin mövzusudur.
…kim guya ki var?
Qalan yeddi namizədi üç kateqoriyaya ayırmaq olar.
«Ağsaqqallar»
Bura milli azadlıq hərəkatının veteranları daxildir: Araz Əlizadə, Sərdar Məmmədov (Cəlaloğlu) və Fərəc Quliyev.
Əlizadə varlı biznesmen olub, amma 1988-ci ildə Qarabağ hərəkatı dalğasında mitinqlərə qoşulub. Hərbi milli müdafiə komitəsinin üzvü olub. Xalq Cəbhəsindən olan radikallarla arasında yaranan fikir ayrılığına görə böyük qardaşı Zərdüşt Əlizadə və Xalq Cəbhəsi idarə heyətinin başqa bir üzvü Leyla Yunusova ilə Sosial-Demokrat Partiyasını yaradıb. Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkədən gedib, Türkiyədə və Belarusda biznes qursa da, uğur qazana bilməyib. 2000-ci illərin əvvəllərində Azərbaycana qayıdıb. Hazırda parlament üzvüdür.
Sərdar Cəlaloğlu Məmmədov və Fərəc Quliyev hər ikisi əslən naxçıvanlıdır, Xalq Cəbhəsinin yerli təşkilatlarına rəhbərlik ediblər.
Sərdar Məmmədov sonradan Azərbaycan Demokratik Partiyasında təqib olunan oliqarx, keçmiş parlament spikeri Rəsul Quliyevin müavini, daha sonra isə partiya sədri olub.
Fərəc Quliyev Xalq Cəbhəsinin radikal qolunu təmsil edib. Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1995-ci ildən 2002-ci ilə qədər yeddi ili siyasi məhbus kimi həbsxanada keçirib. 2005-ci ildən Milli Dirçəliş Hərəkatı Partiyasına rəhbərlik edir. Parlament üzvüdür.
“Gənc dönmələr”
Üç namizədi Qüdrət Həsənquliyev, Zahid Oruc və Razi Nurullayevi yerdə qalanların fonunda şərti olaraq “gənc” adlandırmaq olar. Ən yaşlısının 52, ən gəncinin 46 yaşı var. Hamısını da hakimiyyətdən müəyyən dividend almaq üçün öz partiyasından ayrılması faktı birləşdirir.
Həsənquliyev Xalq Cəbhəsinin rəhbərliyində olub, oradan ayrılandan sonra isə “Bütöv (!) Azərbaycan Xalq Cəbhəsi Partiyası”nı yaradıb, Nurullayev isə heç başqa ad da axtarmayıb və öz qrupunu “Xalq Cəbhəsi Partiyası” adlandırıb, Oruc isə rəhbərlik etdiyi “Ana Vətən” partiyasının istəyinə rəğmən 2013-cü il prezident seçkilərində özü öz namizədliyini irəli sürüb və partiyadan çıxarılıb.
Ənənəvi təlxək
“Balıq Hafiz” ləqəbli Hafiz Hacıyev nümayişkaranə qəribəlikləri və tərbiyəsizliyi ilə seçilir. O, beş ildən bir canlı efirdə siyasi rəqiblərinə qara yaxmaq üçün hakimiyyətin istifadə etdiyi “ənənəvi təlxəkdir”. Həm də bütün seçkilərdə o, stabil olaraq axırıncı yeri tutur, amma hər dəfə də namizədliyi irəli sürülür. Bu adam haqqında nəsə yazmağa da dəyməz.
Çoxlarını “heç kim” kateqoriyasından olan namizədlərin dəstək üçün 60 seçki dairəsindən 40 min imzanı necə toplaya bildiyi sualı narahat edir.
Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, hüquqşünas Akif Qurbanov hesab edir ki, bu, ancaq yerlərdə icra orqanlarının köməyilə mümkündür.
“Elə namizədlər var ki, “Facebook”dakı statuslarının altında üç günə cəmi 38 “like” toplaya bilir. Ya da onların yerli saytlara müsahibələrini üç günə 39 adam oxuyur. Bununla belə, həmin adamlar necəsə 3-4 günə 40 min dəstək imzası toplaya biliblər”, – iqtisadçı ekspert Natiq Cəfərli yazır.
… və kim yoxdur?
Azərbaycanın aparıcı müxalif partiya və hərəkatları seçkiləri boykot etmək qərarına gəliblər. Müxalifət martın 10-da keçirdiyi birgə mitinqdə ötən 2013-cü il prezident seçkilərində müxalifətin keçmiş vahid namizədi olan, Demokratik Qüvvələrin Milli Şurasının sərdi Cəmil Həsənli bildirib: “Hakimiyyətin məqsədi növbədənkənar deyil, alternativsiz seçkilər keçirməkdir”.
Bu qərara digər amillər də təsir edib: misal üçün, Müsavat Partiyasının lideri İsa Qəmbər hətta İlham Əliyevdən də əvvəl seçkilərdə namizədliyini irəli sürmək qərarını elan edib. Amma fevralda Qəmbər infarkt keçirib və hələ də Türkiyə klinikalarının birində müalicə alır. Liderinin sağlam olduğu halda Müsavatın qərarının necə olacağını sadəcə ehtimal etmək mümkündür.
Yeni müxalif “Respublika Alternativi” (ReAl) hərəkatı da seçkilərdən kənarda qalıb. Bunun səbəbi çox sadədir: hərəkatın sədri İlqar Məmmədov artıq beş ildir ki, həbsxanadadır və siyasi məhbus kimi tanınıb. Amma Azərbaycan qanunlarına görə, o, reabilitasiya qərarına qədər öz namizədliyini irəli sürə bilməz.
Yeri gəlmişkən, qərara da çox vaxt qalmayıb. Avropa İnsan Haqları Məhkəməsi artıq Məmmədovun azadlığa buraxılmasının zərurəti ilə bağlı qərar qəbul edir. Amma istənilən halda o, bu seçkilərdən kənarda qalmalı olacaq.
Bəs sonra?
Şübhəsiz ki, bu seçkilər Azərbaycan tarixində ən əhəmiyyətsiz seçkilər kimi qalacaq. İlham Əliyev asanlıqla dördüncü müddətə seçiləcək. Amma ən maraqlısı da bundan sonra başlayacaq. Əliyev öz blanş-kartından necə istifadə edəcək? Əsas suallar: Qarabağ üzrə kompromis müqaviləsi imzalayacaqmı? Rusiya ilə yaxınlaşmanı davam etdirib, Avrasiya Birliyinə daxil olacaqmı? Azərbaycan elitası daxilində gedən mübarizədə hansı dönüş olacaq? Və məsələnin ən maraqlı tərəfi də odur ki, özünə varis hazırlayacaqmı və hazırlayacaqsa bu, kim olacaq?