Azərbaycan-2023. İlin xülasəsi
Azərbaycanda ilin xülasəsi
Azərbaycanda ötən 2023-cü ili ziddiyyətli adlandırmaq olar. Bu il müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. İlin sonu isə müstəqil jurnalistlərin və siyasi fəalların həbsləri ilə yadda qaldı. Ekoloji problemlər və İranla diplomatik münaqişə də ilə iz qoydu.
- Bakı 2024-cü ili qeyd edir
- “Ciblərimiz boş olandan sonra bizə nə bayram?” Bakıdan Yeni İl qabağı reportaj
Keçən 2023-cü ildə Azərbaycanda baş verən əsas hadisələrin başlanğıcı daha əvvəlki ilin sonlarına təsadüf edir. Azərbaycanlı ekoloji fəalların Laçın yolunda, Şuşa şəhəri yaxınlığında beş aydan çox davam edən aksiyası 2022-ci il dekabrın 12-də başlayıb.
Laçın dəhlizində baş verənlər
Fəallar Qarabağın o vaxt Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində faydalı qazıntıların çıxarılmasına və onların Ermənistana qanunsuz ixracına etiraz ediblər.
Aksiya nəticəsində Ermənistandan Qarabağa və geriyə sərbəst gediş-gəlişin bağlanması Qarabağdakı yataqlarda işlərin dayandırılması ilə yekunlaşıb. Mülki əhalinin hərəkəti Qırmızı Xaç və Rusiya sülhməramlı kontingentinin köməyi ilə həyata keçirilib.
2023-cü il martın sonunda Azərbaycan Müdafiə Nazirliyi ordunun bir neçə dominant yüksəklikləri, əsas və köməkçi yolları, eləcə də Ermənistanla sərhəddəki əraziləri nəzarətə götürdüyünü açıqlayıb. Bu, köhnə Laçın dəhlizinin tamamilə bağlanması və yeni, alternativ yolun istifadəyə verilməsi ilə əlaqələndirilirdi.
Azərbaycan tərəfinin məlumatına görə, köhnə Laçın dəhlizinin bağlanması ilə əlaqədar silahlı qüvvələrin yerdəyişməsi baş verib. Əkspertlər isə bildirirdilər ki, Azərbaycan ordusu Ermənistanı Qarabağla birləşdirən yeni yolda nəqliyyatın hərəkətinə nəzarəti asanlaşdıran yüksəkliklərdə yerləşib.
Bir ay keçməmiş, aprelin 23-də Azərbaycan sərhəd xidməti Ermənistanla sərhəddə, Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi quraşdırıldığını elan etdi.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan erməni silahlı qüvvələrinə qanunsuz olaraq canlı qüvvə, sursat, mina, habelə digər hərbi texnikanın verilməsinin qarşısının alınması məqsədilə və aprelin 22-də Ermənistan tərəfindən birtərəfli qaydada Laçın-Xankəndi yolunun Azərbaycanla sərhəddə yerləşən hissəsində sərhəd-keçid məntəqəsi qurulmasına adekvat olaraq aprelin 23-də saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradılıb”, – Sərhəd Qoşunlarının bəyanatında deyilir.
Antiterror əməliyyatı
Sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə antiterror əməliyyatı keçirib və 23 saat 50 dəqiqə ərzində tanınmamış Dağlıq Qarabağ Respublikasının tam təslim olmasına nail olub.
Tanınmamış respublikanın rəhbərliyi bütün dövlət qurumlarının ləğv edilməsi haqda fərman verib. Yevlax şəhərində rəsmi Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında iki görüş keçirilib.
Rəsmi Bakı Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən Qarabağda yaşayan ermənilər üçün onlayn xidmətin istifadəyə verildiyini elan edib. Buna baxmayaraq, Qarabağ ermənilərinin böyük əksəriyyəti Azərbaycan ərazisini tərk edərək Ermənistana köçüb.
Qarabağda keçirilən antiterror əməliyyatından sonrakı dövrdə tanınmamış Dağlıq Qarabağ Respublikasında əvvəlki illərdə rəhbər vəzifələr tutmuş şəxslər – Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan saxlanılıb. Onların hamısı Bakıda terrorizmdə, sülhə və insanlığa qarşı ağır cinayətlərdə ittiham olunublar.
İranla diplomatik münaqişə
Yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, daha iki nəfər yaralanıb.
Bundan dərhal sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığını elan edib, əməkdaşlar Bakıya təxliyə edilib.
Azərbaycan səfirliyin işini bərpa etmək üçün İran tərəfdən terror aktının hərtərəfli araşdırılmasını və iştirakçıların ciddi şəkildə cəzalandırılmasını tələb edib. Səfirliyin fəaliyyəti hələ də bərpa olunmayıb.
İlin birinci yarısında Azərbaycanda İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan qruplara qarşı bir neçə əməliyyat keçirilib.
Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli İranda saxlanılıb. Gənc casusluqda ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.
Etiraz aksiyası
Siyasi fəallara qarşı təqiblərin daha da gücləndirilməsi nəticəsində 2023-cü ildə Bakıda yeganə etiraz aksiyası 8 Mart gününə həsr olunmuş ənənəvi “8 Marş” feminist yürüşü baş tutub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın gedişinə mane olmayıblar, baxmayaraq ki, yürüşün keçiriləcəyi tarixə iki gün qalmış paytaxt meriyası tədbirin “məqsədəuyğun olmadığını” əsas gətirərək aksiyanın keçirilməsinə icazə verməyib.
Polis insan dəhlizi yaradıb, oradan iştirakçılara Xurşudbanu Natəvan abidəsinə doğru getməyə icazə verib, aksiya təşkilatçıları yürüşdən sonra bəyanatlarını oxuyublar.
Siyasi həbslər
2023-cü ildə Azərbaycanda siyasi məhbusların sayı 250 nəfəri ötüb. İlin ikinci yarısı bir neçə səs-küylü siyasi həbslərlə yadda qalıb.
İyulun 23-də müxalif siyasətçi, iqtisadçı və Britaniya İqtisadiyyat Məktəbinin müəllimi Qubad İbadoğlu saxta pul hazırlamaqda ittiham olunaraq həbs edilib. O, ittihamları rədd edir. Yaxınları və vətəndaş cəmiyyəti nümayəndələri müxalifətçinin həbsinin sifarişli olduğunu və onun siyasi fəaliyyəti ilə bağlı olduğunu düşünürlər.
Sentyabrın 20-də işçilərin hüquq müdafiəçisi, müharibə əleyhdarı Afiyəddin Məmmədov həbs edilib. Onun barəsində bıçaqlanma ittihamı ilə cinayət işi açılıb.
Noyabr ayında müstəqil “Abzas Media” internet nəşrinin əməkdaşlarının həbsi başlayıb. Saytın beş əməkdaşı hazırda həbsdədir. Onların hamısı “bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda” ittiham edilib.
Dekabrda müxalifətçi Tofiq Yaqublu və vətəndaş cəmiyyəti fəalı Məhyəddin Orucov həbs edilib. Yaqublu dələduzluqda, Orucov isə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Kürün dayazlaşması və Söyüdlü hadisələri
2023-cü ilin martında Azərbaycanın əsas su mənbələrindən biri olan Kürdə görünməmiş dayazlaşma qeydə alınıb. Çayın mənsəbinə yaxın yerləşən Salyan və Neftçala rayonlarının sakinlərinin verdiyi məlumata görə, Kürdən piyada keçmək mümkün olub.
“EcoFront” təşkilatının rəhbəri Cavid Qara bildirib ki, çay yalnız Azərbaycan ərazisində dayazlaşıb və fəlakətli vəziyyətin səbəblərini açıqlayıb:
“Səbəb sadədir: bütün qış otlaqları əkin sahəsinə çevrilib. Əvvəllər güclə ot bitən yüz minlərlə hektar torpaq intensiv suvarılmağa başlandı. Bu yerlərdən yüzlərlə çoban zorla qovuldu – məmurlar aqroparklar yaradırlar.
Keçmiş otlaq yerlərində yaradılan bu parkların hamısı dövlət məmurlarına, iş adamlarına məxsusdur. Bu həm də ədalətsiz rəqabət mühitidir. Kimin pulu varsa, torpaq alır. Otlaqları ucuz icarəyə götürüb bu torpaqları şumlamağa başlayır. Bu cür əməliyyatlara yalnız biznes rəsmilərinin çıxışı var. Sudan əsas istifadə edənlər də onlardır. Əgər nəsə qalırsa, əhaliyə ötürülür”.
İyunun 20-də sosial şəbəkələrdə yayılan videogörüntülər Azərbaycan cəmiyyətini sarsıdıb. Görüntülərdə ağır silahlanmış daxili qoşunların Gədəbəy rayonunun Söyüdlyu kəndində yaxınlıqdakı qızıl mədəninin tullantılarının axıdılması üçün yeni süni gölün salınmasına etiraz edən yerli sakinlərə qarşı qaz bombalarından istifadə etməsi əks olunub.
Yerli sakinlərin sözlərinə görə, tullantılar ətraf mühitə ciddi ziyan vurur. Yeni planlaşdırılmış göl kəndin otlaqlarının olduğu ərazidə salınır və bu, vəziyyəti daha da pisləşdirəcək.
İyunun 23-də ABŞ-ın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə təşkil olunan mərasimdə iştirak edən fəallar Gülnarə Mehdiyeva, Sənubər Heydərova və Nərmin Şahmarzadə etiraz aksiyası keçirən Söyüdlü sakinlərinə və buna görə həbs olunanlara diqqət çəkmək üçün dinc aksiya keçiriblər. Onlar boğazlarına qara boğucu əl çəkərək Azərbaycanda bütün azadlıqların boğulduğunu simvolik şəkildə ifadə ediblər. Onlar Söyüdlüdə baş verən hadisələr haqda danışıblar. “Abzas Media”nın direktoru Ülvi Həsənli isə canlı yayım açaraq fəalların aksiyasını sosial şəbəkələrdə yayıb.
Daha sonra səfirlik əməkdaşları onlardan aksiyanı dayandırmağı tələb ediblər. Mərasim yerindən uzaqlaşdırılan fəallar və Ülvi Həsənli yerli polisə təhvil veriliblər. Bir müddət sonra onlar sərbəst buraxılıblar.
Noyabrda məlum olub ki, 2024-cü ildə ekologiyaya həsr olunmuş dünyanın ən böyük tədbiri olan Cop29 sessiyası Bakıda keçiriləcək. Azərbaycanın paytaxtına 100-dən çox ölkədən 80 minə yaxın qonağın gələcəyi gözlənilir.
Növbədənkənar prezident seçkiləri
Ötən ilin son səs-küylü hadisəsi prezident İlham Əliyevin 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin edilməsi haqqında sərəncamı oldu.
Ötən ilin son səs-küylü hadisəsi prezident İlham Əliyevin 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin edilməsi haqqında sərəncamı oldu.
Əsas müxalifət partiyaları bu seçkilərdə iştirakdan imtina ediblər. Bu günə kimi 15 siyasətçi ölkədə əsas siyasi posta namizəd irəli sürmək istəyini açıqlayıb. İndiyədək Mərkəzi Seçki Komissiyası yalnız hazırkı prezident İlham Əliyevin namizədliyini təsdiqləyib. İqtidaryönlü deputat Zahid Oruc qeydiyyat üçün tələb olunan 40 min seçici imzasını Mərkəzi Seçki Komissiyasına təqdim edib.