Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilər nə deyir? Bakıdan müqayisəli təhlil
Vasitəçilərin bəyanatlarının müqayisəli təhlili
“Ekran şəkillərində, siyasətçilərin bəyanatlarında, səfirlərin tvitlərində gördüyümüz hər şey, əlbəttə ki, maraqlıdır, lakin əsas məsələ iki ölkə liderinin və xarici işlər nazirlərinin iştirak etdiyi Brüssel və Moskvada danışıqları və səsləndirilən bəyanatların mətnləridir”, – deyə siyasi şərhçiı Fərhad Məmmədov bildirir.
Ekspert Azərbaycan–Ermənistan danışıqlarında əsas vasitəçilər – Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatları bənd-bənd təhlil edib.
- “Üçtərəfli bəyanat beynəlxalq müqavilə deyil”. Bakıdan baxış
- ABŞ Qubad İbadoğlununn həbsini diqqətlə izləyir
- Müstəqil jurnalistlər Milli Mətbuat Günündə Avropa Şurasına müraciət ediblər
“Beləliklə, mövzulafr üzrə əldə nələr var:
Suverenlik və ərazi bütövlüyü
Şarl Mişel
⁃ Ermənistan və Azərbaycan liderləri digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini bir daha tam şəkildə təsdiq etdilər. Ermənistan ərazisinin 29 800 kv. km, Azərbaycan ərazisinin isə 86,600 kv. km. olduğundan çıxış edərək.
Sergey Lavrov
⁃ Onlardan ən həssası 1991-ci ildə Alma-Atada keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi olub və qalır. Onun qüvvədə qalması bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır.
Burada Moskva gecikir, Aİ-nin daha ətraflı yanaşması var.
Sərhədlərin delimitasiyası
Şarl Mişel
⁃ Hər iki lider sərhədlərin delimitasiyası üçün siyasi əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq ediblər. Mən iki sərhəd komissiyasının görüşünü alqışladım.
Sergey Lavrov
⁃ Müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, o cümlədən Bakı ilə Yerevan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib.
Burada Aİ-də 1991-ci il qeydinə və ikitərəfli formata vurğu olunur, Rusiyada isə sülh müqaviləsi konteksti var. Və Ermənistanın təkid etdiyi 1975-ci ilin xəritələrinə istinad yoxdur.
Kommunikasiyaların açılması
Şarl Mişel
⁃ Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmət edəcək gələcək nəqliyyat sazişlərinin şərtlərini müzakirə etdik. Dərhal dəmir yolu xəttinin tikintisinə başlanılmalıdır. Aİ maliyyə töhfəsi verməyə hazırdır.
Sergey Lavrov
⁃ Hazırkı mərhələdə ən yaxın nəticə regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair konkret məsələlərinin razılaşdırılması ilə məşğul olan üç baş nazir müavininin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat sektorunda da perspektivli layihələrin həyata keçirilməsi perspektivləri açılacaqdır.
Ən maraqlısı odur ki, Aİ-də “dərhal”, maliyyələşdirmə, suverenlikdir, Lavrov isə üçtərəfli formata, yəni Rusiyanın Ermənistan ərazisində funksionallığına vurğu edir.
Humanitar təchizat
Şarl Mişel
⁃ Mövcud vəziyyət açıq şəkildə dayanıqlı deyil. Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Azərbaycanın Ağdam vasitəsilə humanitar yardım çatdırmağa hazır olduğunu da qeyd etdim. Hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını təşviq edirəm. BQXK-nın tibbi evakuasiyaları bərpa etməsini də alqışladım.
Sergey Lavrov
⁃ Biz həmsöhbətlərimizə Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının verdiyi hesabatları nəzərə alaraq, Qarabağ əhalisinin ərzaq, dərman, ilkin tələbat malları, elektrik enerjisi və qazla fasiləsiz təmin olunması maraqları naminə təcili, təxirəsalınmaz addımların atılmasının çox arzuolunan addımları ilə bağlı Rusiya tərəfinin qiymətləndirmələrini açıqladıq. Bu, sadə insanların, ermənilərin, rayon sakinlərinin maraqlarına uyğundur.
Aİ hər iki marşrutu qeyd edir, konkret Laçın yolunun açılması ayrıca göstərilir, Lavrov isə Laçın yolunu xatırlatmır. Hər ikisinin Ermənistan vasitəsilə resurs təminatı imperativi yoxdur.
Hüquq və təhlükəsizlik
Şarl Mİşel
⁃ Yerdəki insanların arxayınlığa ehtiyacı var, hər şeydən əvvəl onların hüquqları və təhlükəsizliyi baxımından. Bu kontekstdə mən Aİ-nin Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqa təşviq etdiyini bildirdim. Bu dialoq bütün iştirakçılar üçün çox ehtiyac duyulan etimadı təmin etməlidir.
Sergey Lavrov
⁃ Onlardan ən həssası 1991-ci ildə Alma-Atada keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi olub və qalır. Onun qüvvədə qalması bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır. Ermənistan tərəfi müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən (indiki halda Azərbaycan) irəli gələn hüquqlar, o cümlədən milli azlıqların beynəlxalq hüquq normalarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqlarını razılaşdırmaq üçün Dağlıq Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə mümkün qədər tez görüşməyə inandırmağın zəruriliyini başa düşür.
⁃ Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənilər bütün konvensiyaların Ermənistan Respublikasında yaşayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar.
Hər iki bəyanatda Bakı ilə Qarabağ erməniləri arasında dialoqun beynəlxalq formatı ilə bağlı tələb yoxdur (!). Lavrovun bəyanında Azərbaycanın hüquq müstəvisində hüquq və təhlükəsizliyin detallaşdırılması var.
Saxlanılanlar
Şarl Mişel
⁃ Biz məhbuslarla bağlı məsələni də müzakirə etdik. Liderlər səhvən qarşı tərəfə keçən əsgərlərin azad edilməsinin asanlaşdırılması ilə bağlı centlmen anlaşmasına sadiqliklərini bir daha təsdiq etdilər.
Sergey Lavrov bu haqda heç nə deməyib.
Şərhsiz…
Beləliklə, danışıqlar, prinsipcə, Azərbaycanın gözləntilərinə cavab verir və irəliləyiş üçün əlverişli zəmin yaradır. Yük maşınları ilə təxribat isə sadəcə olaraq Ermənistan rəhbərliyinin danışıqlarda tutduqları mövqeyin uğursuzluğuna reaksiyasıdır”, – Fərhad Məmmədov bildirib.