Azərbaycanlı vicdan məhbusu jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb
Azərbaycanlı vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb. O, qaçaqmalçılıq ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, 3 ilə yaxın müddəti həbsxanada keçirəndən sonra martın 17-də məhkəmə qərarı ilə cəzasının qalan hissəsi şərti cəza ilə əvəzlənərək azadlığa buraxılıb.
Azad ediləndən dərhal sonra Muxtarlı Almaniyaya, siyasi mühacirətdə yaşayan ailəsinin yanına göndərilib.
Hakimiyyəti tənqid etməsi ilə məşhur olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana köçüb. 2017-ci ildə Tbilisidə oğurlanaraq Bakıya gətirilib. Burada sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq altı il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını vicdan məhbusu kimi tanıyıb. 2017-ci ilin iyununda Avropa Parlamenti Azərbaycan hakimiyyətini dərhal onu azad etməyə və ona qarşı irəli sürülən ittihamları geri çəkməyə çağırıb.