Azərbaycanlı müxalifətçi həbsxanada aclıq elan edib
Paylaşmaq
Paylaşmaq
Altı il müddətinə azadlıqdan məhrum edilən müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Ədilov cəza müəssisəsində aclıq elan edib. Bu haqda onun qardaşı, hazırda Fransada yaşayan jurnalist Natiq Ədilov xəbər verib. Aclıq aksiyasının səbəbi vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlıdır.
Murad Ədilov 2015-ci ildə narkotik saxlamaqda günahlandırılaraq həbs edilib. Amnesty International hüquq müdafiə təşkilatı onu 2016-cı ilin iyununda açıqlanan siyasi məhbus siyahısına daxil edib. 2018-ci il sentyabrın 5-də Ədilov cəzasının yarısını çəkdiyi üçün vaxtından əvvəl şərti azadlığa buraxılmasını tələb edib. Amma nizam-intizam qaydalarını pozmağına – icazə olmayan yerdə siqaret çəkməyinə əsaslanaraq onun tələbi rədd edilib.
Müxalifətçinin qardaşı deyir ki, onun “səhhətində ciddi problemlər yaranıb, əsəbləri də çox gərgindir”, amma bu cür etiraz üsulunu təqdir etmədiyini də bildirir.
Natiq Ədilovun sözlərinə görə, aclıq aksiyasının məqsədlərindən biri müxalifətçinin fikrincə, onun işinə lazımınca diqqət yetirməyən beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.
Penitensiar Xidmətdən deyirlər ki, onlara bu haqda heç nə məlum deyil. “Bizə Murad Ədilovun aclıq elan etməsi haqda məlumat daxil olmayıb”, – ictimai əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
Bu, Azərbaycanda siyasi məhbusun etiraz əlaməti olaraq aclıq elan etdiyi ilk hadisə deyil. Məsələn, bu ilin iyununda AXCP-nin digər üzvü Fizuli Hüseynov da bu yola əl atmışdı.