Azərbaycanlı jurnalistlər "Media haqqında" Qanuna və Media Reyestrinə etiraz edir
Media Reyestrinə qarşı “Mövqe sənədi”
Bir qrup azərbaycanlı jurnalist 2022-ci ilin fevralından ölkədə qüvvəyə minən “Media haqqında” Qanun və Media Reyestri ilə bağlı “Mövqe sənədi” imzalayıb. Müstəqil jurnalistlər Azərbaycanın üzvü olduğu beynəlxalq qurumlardan bu məsələyə həssas yanaşmağı, həmçinin Azərbaycan hakimiyyətindən dövlətin qoşulduğu konvensiyalara əməl etməyi tələb ediblər.
- “Dua edək ki, kəndlər məhv olmasın. Amma investisiyasız xeyri olmayacaq” – Azərbaycan, Gürcüstan və Ermənistandan üç hekayə
- İranda raket hücumlarına məruz qalan hərbi obyektlərin siyahısı. Bunun İsrailin xüsusi əməliyyatı olduğu müzakirə edilir
- Azərbaycanın İrandakı səfirliyinə hücum. Terror aktının arxasında kim dayanır? VİDEO
“Mövqe sənədi”ni imzalayan jurnalistlər hesab edirlər ki, 2021-ci ilin dekabr ayında parlamentdə müzakirəyə çıxarılan və qısa zamanda III oxunuşdan keçən, daha sonra isə 2022-ci ilin fevralın 8-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Media haqqında” Qanun artıq Azərbaycanda mətbuatın məhdudlaşdırılması istiqamətində ciddi problemə çevrilməkdədir.
“Qanunda nəzərdə tutulan və məhdudlaşdırıcı əsas amillərdən hesab edilən Media Reyestri ilə bağlı tələblər, bunun nümayişkaranə bəyan edilməsi ölkədə media mühitinin gələcəkdə daha ciddi təhdidlər altına düşməsindən xəbər verir”, – sənəddə deyilir.
Media Reyestrinin aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilib. Bu qaydalar tətbiq ediləndən sonra dövlətin Medianın İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən sayt və jurnalistlərə reyestrdən keçmək üçün 6 ay vaxt verib və xəbərdarlıq edib ki, qeydiyyata düşməyənlər məhkəməyə veriləcəklər.
“Biz – bu müraciəti imzalayanlar, “Media haqqında” Azərbaycan Respublikası Qanununun və qanunla nəzərdə tutulan Media Reyestrinin ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açmasını aydın görə bilirik.
“Media haqqında” yeni qanunun tətbiq edilməsi müstəqil media və jurnalistlərin informasiya əldə etməsinə, hərəkət azadlığına ciddi neqativ təsir göstərəcəyi qaçılmazdır”, – deyə jurnalistlər bildiriblər.
Sənəddə həmçinin vurğulanır ki, ümumilikdə bu qanun və bu qanunda yer alan məhdudlaşdırıcı müddəalar Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bu qanunun Avropa Şurasının üzvü olan bir ölkədə tətbiq edilməsini qəbuledilməz sayıb.
Sənəddə bildirildiyinə görə, Media Reyestrinin formalaşdırılmasına başlandıqdan sonra uzun müddətdir ki, fəaliyyət göstərən 40-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəblər əsas gətirilərək imtina edilib:
“Həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ, 100-lərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır.
Hazırda qeydiyyatdan keçməyən medialar, jurnalistlər parlamentin hətta açıq iclaslarına belə buraxılmırlar, regionlarda jurnalistlərin fəaliyyətinə əngəllər yaradılır”.
“Mövqe sənədi”ndə qeyd olunur ki, media, jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlar onsuz da öz fəaliyyət sahələri üzrə vergi və digər rəsmi texniki qeydiyyata sahibdirlər. Müvafiq olaraq başqa formalarda yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir.
Jurnalistlər hesab edirlər ki, ifadə, media, jurnalistika azadlığını təminat altına alan Konstitusiyanın 151-ci maddəsinə görə, milli qanunlarla Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Onlar xatırladırlar ki, Azərbaycanın qoşulduğu əsas beynəlxalq müqavilələrdən olan Avropa Konvensiyası isə teleradio fəaliyyəti istisna olmaqla, bütün yerdə qalan media növlərinin fəaliyyətinin icazə, lisenziya qaydasına tabe etdirilməsini, ifadə azadlığı hüququnun ciddi pozuntusu, hətta, senzura sayır.
“Məhz bütün bunları nəzərə alaraq, biz – bir qrup azərbaycanlı media təmsilçisi, dünyanın heç bir yerində tətbiq edilməyən, “analoqu olmayan” bu məhdudlaşdırıcı və mürtəce qanun və müddəların dəyişdirilməsini, dövləti idarə edənlərin bu sahədə ciddi şəkildə düşünməsini, bunların qarşısının alınması üçün gecikmədən önləyici addımların atılmasını zəruri sayır və “Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin qanundan çıxarılmasını vacib hesab edirik.
Eyni zamanda, Azərbaycanın üzvü olduğu beynəlxalq qurumlardan, media azadlığı ilə bağlı təşkilatlardan bu məsələyə həssas yanaşmağı, həmçinin Azərbaycan hakimiyyətindən dövlətin qoşulduğu konvensiyalara əməl etməyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edirik”, – jurnalistlərin imzaladığı sənəddə qeyd olunur.
Media Reyestrinə qarşı “Mövqe sənədi”