Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan hakimiyyətini məhkəməyə verib
2017-ci ildə Gürcüstandan oğurlanaraq zorla Azərbaycana aparılan və orada həbs edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan hakimiyyətindən Strasburq Məhkəməsinə şikayət edib. Bu haqda jurnalist özü Facebook-da yazıb.
2017-ci ildə Gürcüstandan oğurlanaraq zorla Azərbaycana aparılan və orada həbs edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan hakimiyyətindən Strasburq Məhkəməsinə şikayət edib
Hazırda Muxtarlı Almaniyada yaşayır. Yazdığı məlumatda o bildirib ki, 2017-ci ildə onun oğurlanmasında Gürcüstanın xüsusi xidmət orqanları iştirak edib və o, öz iddiasında məhz Gürcüstan hakimiyyətinin əcnəbi jurnalistə münasibətdə əməllərinin qolverilməz olmasından şikayətlənib.
- “Azərbaycanda yaşamaq mənim haqqımdır” – keçmiş vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı JAMnews-a gələcəyə dair planları haqda danışıb
- Əfqan Muxtarlı: “Biz Gürcüstan hakimiyyətinin mənim oğurlanmağıma görə rüşvət aldığı haqda danışdıq”
Muxtarlı yazıb ki, Gürcüstan hakimiyyəti onun Gürcüstana gəlməsinə və onun oğurlanması ilə bağlı müstəqil araşdırmada iştirak etməsinə imkan vermir, bu da iqtidarda olan “Gürcü arzusu” partiyasının bu hadisədə əlinin olduğunu təsdqləyir.
“Mən artıq bir ildir ki, azadlıqdayam və bütün bu müddət ərzində Gürcüstan hakimiyyəti mənim Gürcüstana gəlməyimə icazə vermir. Bir müddət əvvəl Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze jurnalistlərə bildirib ki, seçkiqabağı dövrdə mənim Gürcüstana gəlişim siyasi polemikalara səbəb olacaq. Amma bu absurddur”, – Muxtarlı yazıb.
Azərbaycanlı jurnalist 2020-ci il oktyabrın 9-da Almaniyadan Gürcüstana gəlmək istəyib. Gürcüstan hakimiyyətinin rəsmi məlumatına görə, sənədləri olmadığı üçün onun sərhədi keçməsinə icazə verilməyib.
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı vətənində təqiblərə məruz qaldığı üçün 2014-cü ildə Gürcüstana köçüb. Jurnalist Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidləri ilə tanınır.
Amma 2017-ci il mayın 29-da Muxtarlı Tbilisinin mərkəzində oğurlanıb və başına torba keçirilərək Azərbaycan sərhədinə çatdırılıb.
Səhəri gün, mayın 30-da sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə tabe olmamaq ittihamı ilə həbs olunaraq, daha sonra altı il müddətinə azadlıqdan məhrum edilib.
3 ildən sonra, 2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən azad edilib və xüsusi reyslə Almaniyaya göndərilib, onu orada 2019-cu ildən Almaniyada yaşayan ailəsi – həyat yoldaşı və qızı qarşılayıb.
Muxtarlının oğurlandığı andan dörd il keçib, amma onun işi Gürcüstanda hələ də araşdırılmayıb. Gürcüstan prokurorluğu formal olaraq 143-cü maddənin birinci hissəsi ilə (qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi qaldırıb, amma istintaq hələ də irəliləməyib.