Azərbaycanın qapalı teleşirkətinin əmlakı təhlükə altındadır
Paylaşmaq
Paylaşmaq
ANŞ Şirkətlər Qrupu bəyanat yayaraq bildirib ki, teleşirkətin əmlakı, o cümlədən 25 il ərzində toplanmış arxiv materialları məhv olmaq təhlükəsi altındadır.
Bəyanatda deyilir ki, teleşirkətin qapıları 2016-cı ilin iyulunda Milli Yayım Şurasının ANS-in efirdən məhrum edilməsi haqda qərarından və Baş Prokurorluğun terrorla bağlı qaldırdığı cinayət işindən sonra möhürlənib. Şirkət terrorçuluğun təbliğində günahlandırılır.
ANS-in bəyanatında bildirilir ki, arxiv materialları xüsusi rejimdə saxlanmalıdır, əməkdaşların onlara yaxın buraxılmaması səbəbindən materiallar qısa müddətdə yararsız hala düşə bilər. Teleşirkətin avadanlıqları da xarab olmaq təhlükəsi altındadır. Binanın möhürlənmiş hissəsinə hətta xadimələr də buraxılmır.
ANS həmçinin müəlliflik hüququnun kobud pozulduğunu bildirir. “Efirdən məhrum edildikdən sonra şirkətimiz açıq təhlükə və təzyiqlə üz-üzə qalıb. Əməlli-başlı əmlakımızın bölüşdürülməsi uğrunda mübarizə gedir”, – bəyanatda deyilir.
ANS rəhbərliyi əmin edir ki, Azərbaycan və beynəlxalq qanunvericilik çərçivəsində öz haqlarını qoruyacaqlar.
– ANS müstəqil media şirkəti 1991-ci ilin noyabrında Vahid və Seyfulla Mustafayevlər, bir də jurnalist Mir Şahin Ağayev tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil teleşirkəti hesab olunur.
– Qarabağ müharibəsi illərində reportyor Çingiz Mustafayev (şirkəti yaradanların böyük qardaşı) cəbhədə baş verənləri işıqlandırdığı və 1992-ci ildə cəbhədəcə həlak olduğu zaman teleşirkət böyük populyarlıq qazandı.
– Bütün fəaliyyət dövründə teleşirkət üç dəfə efirdən məhrum edilib. İlk dəfə hələ Elçibəy hakimiyyəti dövründə 1993-cü ildə bir neçə aylıq, ikinci dəfə 2006-cı ilin noyabrında 17 gün müddətinə. Və nəhayət, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan türk din xadimi Fətullah Gülənlə müsahibənin anonsundan sonra telekanal məhkəmə qərarı ilə biryolluq bağlanıb.