Azərbaycanın baş nazir müavininin nəvəsi altı il həbs cəzası alıb
İyirmi bir yaşlı Nail Allahverdiyev – Azərbaycanın baş nazir müavini Əli Həsənovun nəvəsi altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hökm dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub.
Allahverdiyev avqustun 3-də “Mercedes-Gelandawagen” markalı avtomobili ilə Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi törədib. Nəticədə iki adam həlak olub, Türkiyə vətəndaşları olan daha iki nəfər müxtəlif dərəcəəli bədən xəsarəti alıb.
Daha ətraflı JAMnews-un materialında.
https://jam-news.net/?p=52890&lang=az-AZ
Məhkəmədə həlak olanların doğmaları bildiriblər ki, onların müttəhimə qarşı heç bir iddiaları yoxdur. Allahverdiyevin özü ötüşmə ilə bağlı ittihamları rədd edib. O bildirib ki, yanında oturan sərnişinin halı qəfil pisləşdiyi üçün maşını yüksək sürətlə sürüb ki, onu xəstəxanaya çatdırsın.
Türkiyə vətəndaşları da müttəhimdən şikayətçi olmadıqları haqda məhkəməyə məktub göndəriblər. Onların müalicəsi ilə bağlı bütün xərcləri Allahverdiyevin babası – Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov öz üzərinə götürüb.
Məhkəmənin hökmü cəmiyyətdə birmənalı qarşılanmayıb: sosial şəbəkə istifadəçiləri belə ağır cinayət üçün altı ilin çox az olduğunu yazblar, bəziləri isə hətta əmindir ki, “qızıl oğlan” ümumiyyətlə kamerada oturmayacaq, sadəcə vaxtaşırı qeydiyyatdan keçəcək.
Azərbaycanın Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov minval.az saytına bildirib ki, iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yol hərəkət qaydasının və ya nəqliyyat vasitəsinin istismarı qaydasının pozulması beş il müddətinə nəqliyyat idarə etmək hüququndan məhrum edilməklə altı ildən on ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır: “Odur ki, verilən cəza demək olar ki, minimaldır”.