Azərbaycanın altı kəndinin sakinləri qışı həyəcanla gözləyir – onların evində hələ də qaz yoxdur
Azərbaycanın cənubunda altı kənd (Astara və Lerik rayonlarında) indiyə qədər qazlaşdırılmayıb. Məişət ehtiyacları üçün burada qaz balonlarından və ümumiyyətlə yanan hər şeydən istifadə olunur. Onlar BBC-yə danışıblar ki, qışda, soyuqlar düşəndən sonra nə edəcəklərini bilmirlər. Bəziləri odun kimi istifadə etmək üçün hətta öz bağındakı meyvə ağaclarını da qırmağa hazırdır.
Son zamanlar hökumət meşə qırılmalarına qarşı tədbirləri sərtləşdirib, odur ki, pulsuz odun əldə eləmək çox risklidir, satışda isə odun yaman bahadır:
“Bir maşın odun 300 manatadır (177 dollara yaxın). Mənim pensiyam isə 200 manatdır (118 dollara yaxın). Bu pulu nəyə xərcləyim: dərmana, oduna, yoxsa başqa şeylərə?”, – bu kəndlərdən birinin yaşlı sakini şikayətlənir.
Azərbaycanda qanunsuz meşə qırılması ilə bağlı qalmaqallar mütəmadi olaraq baş verir. Amma Bakıda əgər ağacları bir qayda olaraq növbəti kommersiya obyektinin inşaatına mane olduğu üçün kəsirlərsə, regionlarda qırılan ağaclarla sadəcə isinirlər.
2016-cı ilin sonundan ciddi ziyan vurmaqla qanunsuz ağac qırmağa görə cərimə iki dəfə yüksəlib və hazırda 5 000 manatdan 7 000 manata qədər (3-4 min dollara yaxın) təşkil edir.
“Azəriqaz” istehsalat birliyi isə öz növbəsində bildirib ki, bu il qazlaşdırma sözügedən kəndlərə gedib çıxmayacaq. Növbəti illərdə isə necə olacağı bəlli deyil. Hər şey dövlətin bunun üçün vəsaitinin olub-olmamasından asılıdır.
Rəsmi məlumata görə, hazırdaa Azərbaycan ərazisinin 95 faizi qazla təmin olunub.