Azərbaycanda yeni xəbər kanalı fəaliyyətə başlayıb
Azərbaycanda martın 15-də yeni telekanal – Real TV peyk yayımına başlayıb. Bu kanal sırf xəbər yayımı üzrə ixtisaslaşıb. Real TV-nin təsisçisi və rəhbəri tanınmış juralist, ANS media şirkətləri qrupunun keçmiş vitse-prezidenti Mir Şahin Ağayevdir.
Martın 5-də Milli Televiziya və Radio Şurası Real TV telekanalının peyk yayımına müddətsiz lisenziya verib. Yayım lisenziyası Mir Şahin Ağayevin direktoru olduğu “Real Analiz İnformasiya Mərkəzi” MMC-ə təqdim edilib.
Həmin gün araşdırmaçı jurnalist Xədicə İsmayıl Facebook-da yeni telekanalın prezident Əliyevin ailəsinə məxsus “Ekspress bank”la əlaqələrinə dair dolayı sübutlar gətirdiyi status yazıb.
Real TV-də bağlanmış ANS telekanalının çox sayda əməkdaşı çalışacaq, amma ANS-in prezidenti Vahid Mustafayev onların arasında olmayacaq.
- Müstəqil ANS media şirkəti 1991-ci ilin noyabrında Vahid və Seyfulla Mustafayev qardaşları və jurnalist Mir Şahin Ağayev tərəfindən yaradılıb.
- ANS telekanalının yayımı 2016-cı il iyulun 18-də, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan din xadimi Fətullah Gülənlə müsahibənin anonsundan sonra dayandırılıb. Daha sonra məhkəmə bütün media holdinqin bağlanması haqda qərar qəbul edib.
- ANS Qarabağ müharibəsi zamanı jurnalist Çingiz Mustafayev (şirkət təsisçilərinin qardaşı) cəbhə bölgəsində baş verənləri işıqlandırdığı zaman böyük populyarlıq qazanıb. Çingiz Mustafayev 1992-ci ildə cəbhədə apardığı son çəkilişi zamanı həlak olub.