Azərbaycanda tanınmış araşdırmaçı jurnalist tamaşaya buraxılmayıb
Tanınmış azərbaycanlı jurnalist, prezident Əliyev əv ailəsinin biznesi haqda bir neçə qalmaqallı araşdırmanın müəllifi Xədicə İsmayıl tamaşaçılar sırasında qalacağı təqdirdə tamaşanın təxirə salınacağı haqda xəbərdarlıq məktubu alandan sonra Dövlət Opera və Balet Teatrının binasını tərk etməli olub.
Xədicə İsmayıl Amerika yazıçısı Con Steynbekin povesti əsasında səhnələşdirilmiş “Adamlar və Siçanlar” tamaşasının premyerasına dəvət edilib. Tamaşanı aktyorlarının çoxu əlillərdən ibarət olan “Əsa” teatrı bir illiyi münasibətilə səhnələşdirib. Tamaşanın sposorlarından biri ABŞ-ın Azərbaycandakı səfirliyi olub.
Amma teatrın girişində jurnalisti əgər zalda tamaşaçı arasında olarsa, tamaşanın təxirə salınacağı məzmunlu təhdid məktubu qarşılayıb. Xədicə İsmayıl öz Facebook səhifəsində yazıb ki, tapşırıq Azərbaycanın birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyevdən gəlib. O da tamaşaçılar sırasında olub və Xədicə İsmayıl maşından çıxarkən onu görüb.
Daha sonra aydın olub ki, bu tamaşaya Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva da dəvət edilib.
“Mən tədbiri pozmaq istəmədim, buna görə də, teatrı tərk etmək qərarına gəldim. Bir neçə həmkarım həmrəylik nümayiş etdirərək mənimlə gəldilər. Onları harasa bir fincan qəhvəyə dəvət etmək istəyərdim, amma qorxuram ki, bizim gəlişimizdən sonra kafeni də bağlasınlar”, – Xədicə İsmayıl yazıb.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xədicə İsmayıla zəng vurub və bu hadisədən mütəəssir olduğunu bildirib.
“Əsa” teatrının aktyoru və direktoru Orxan Adıgözəl Meydan.TV-yə bildirib ki, hadisədən xəbərsiz olub. “Çox məyus oldum. Anlamıram, belə bir şey necə ola bilərdi?”
Xədicə İsmayılın özü isə sualımıza cavabında əlavə edib ki, teatr truppasını qətiyyən qınamır.