Azərbaycanda seçkiyə gəlməyənlərin cərimələnməsi təklif olunur
Türkiyənin nümunəsinə uyğun olaraq Azərbaycanda seçkiyə gəlməyən seçicilərin cərimələnməsi təklif olunur. Müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov təklif irəli sürüb. Sosial şəbəkə istifadəçiləri bu təşəbbüsü dəstəkləyiblər.
- Konsensus yoxdur, amma dialoq davam edəcək: Ermənistan müxalifəti və hakimiyyəti danışıqlara başlayır
- Aksiyaya görə cəza: azərbaycanlı feministin sosial şəbəkədəki səhifəsi oğurlanıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünyanın 37 aparıcı ölkəsini birləşdirir və ən ciddi beynəlxalq iqtisadi qurumlardan biri hesab olunur – Məmmədov qeyd edir. Onun sözlərinə görə, OECD ölkələrində seçicilərin seçkilərdə orta fəallığı 68 faizdir. Bu təşkilata daxil olan Türkiyədə isə bu göstərici 86 faiz civarındadır.
Müxalifətçinin təklifi
“Fərq Türkiyə seçkisində iştirakın məcburi olduğuna görə yaranır. Belə deyək, boykotun kiçik də olsa cəriməsi var” – Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri vurğulayıb.
“Bizdə də belə cərimə haqqında düşünmək olar, baxmayaraq ki, REAL partiyasının boykota qarşı gərgin təbliğatı və digər vətəndaşların bu istiqamətdə layiqli əməyi nəticəsində boykotun “eşşəyi” ölməsə də, artıq yarımcandır.
Rəqabətdən qorxmayan hakimiyyət xalqı səsvermə qutusunun başında görməkdən çəkinməz, boykotu təşviq elətdirməz. Bu baxımdan, Türkiyə elitasına afərin. Doğrudur, bu qayda həm də Türkiyədə separatizmin qarşısını almaqdan ötrü təyin edilib, amma son nəticədə onun gətirdiyi mədəniyyət ölkədə demokratiyanı ayaqda saxlayan amillərdən birinə çevrildi”, – İlqar Məmmədov Facebook səhifəsində yazıb.
Türkiyə və seçkiyə gəlməməyə görə cərimə
Türkiyədə seçkiyə gəlməməyə görə cərimənin həcmi hər seçki öncəsi ölkənin Ali Seçki Komissiyası tərəfindən müəyyən edilir.
2019-cu ildə bələdiyyə seçkilərində bu cür cərimənin həcmi 22 lirə [2019-cu ilin martındakı orta məzənnə ilə təxminən 4 dollar] təşkil edib.
Səsverməyə gəlməyən seçicilər cərimə edilmələri haqda məlumatlandırılırlar. Ödəniş xəbərdarlıq alınandan sonra bir ay müddətində yerli poçt məntəqələrində edilir.
Şərhlər
Sosial şəbəkələrdə mövzu ilə bağlı yayılan xarakterik şərhlərdən bir neçəsi:
“Çox yox 10 manat da etsələr, camaat onu ödəməmək üçün seçkiyə gələr. İnsanların öz gələcəyinə biganə qalmasının cəzası daha ağır olmalıdır”.
“10 manat cərimə tətbiq edilsə, möhtəşəm olar. Hamı seçkiyə gedər. Getməyən də, dövlətin büdcəsinə vergi ödəyər”.
“Yəni, siz inanırsız ki, Azərbaycanda ədalətli seçki keçirilir və problem seçicilərdədir”.