Azərbaycanda saxlanılan 15 erməni hərbçi minalanmış sahələrin xəritəsi müqabilində Ermənistana qaytarılıb
İyunun 12-də Azərbaycanda saxlanılan 15 nəfər Ermənistan vətəndaşını ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına keçən Ağdam rayonu ərazisindəki minalı sahələrin xəritəsi müqabilində Ermənistana qaytarılıb.
Mübadilə Azərbaycan-Gürcüstan sərhədində baş verib. “Azadetmə […] Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Rikerin fəal dəstəyilə həyata keçirilib”, – Gürcüstan hökumətinin xüsusi bəyanatında deyilir.
- Ermənistanın baş naziri Azərbaycanda saxlanılan əsirlərin əvəzinə oğlunu verməyə hazırdır
- İki azərbaycanlı jurnalist minaya düşərək həlak olub
Bakıdan informasiya
“Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir”, – Azərbaycan XİN-in bəyanatında deyilir.
Bakıdan şərh
Siysi şərhçi Asəf Quliyevin fikrincə, saxlanılan 15 hərbçinin qaytarılması müqabilində minalanmış sahələrin xəritəsinin Azərbaycana verilməsi münasibətlərin stabilləşməsi və region ölkələri arasında kommunikasiyaların açılması ilə bağlı iki ölkənin iradəsini ifadə edir:
“Belə nəticə çıxarmaq olar ki, Qərb anlayıb: Azərbaycan saxladığı Ermənistan SQ-nin hərbçilərini elə-belə qaytarmayacaq. Onları Ermənistanda əsir, bizdə isə diversant və ya terrorçu adlandırırlar.
Digər tərəfdən kifayət qədər aydındır ki, Ermənistan tərəfində olan azad edilmiş ərazilərdəki minalı sahələrin xəritələri qarşı tərəfin qətiyyən xoş məramından xəbər vermir.
İndi, sözügedən sövdələşmə artıq baş tutduğu zaman qeyd etmək olar ki, tərəflər qarşılıqlı güzəştlərə gediblər və hazırkı vəziyyətdə münasibətlərin maksimum normallaşdırılmasına hazırdırlar”.
Bundan başqa Asəf Quliyev münadilənin davam edəcəyini və artıq başlanmış prosesin məntiqi davamı olacağını gözləyir:
“Axı heç kim üçün sirr deyil ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan və Azərbaycan tərəflərinin əlaqələri davam edir, baxmayaraq ki, bu, sərgilənmir. Bəs tərəflər arasında elementar etibar yoxdursa, kommunikasiya necə açıla bilər?”
Bununla yanaşı Quliyev təhvil verilmiş xəritələrlə bağlı sürprizləri də istisna etmir:
“Çox mümkündür ki, orada özünəməxsus sürprizlər olsun. Məsələn, xəritədə göstərilmiş yerdə mina olmaya, xəritədə “təmiz” görünən yerdə isə mina ola bilər. Gərgin hərbi zamanda hər şeyi xəritəyə daxil etmək mümkün deyil. Bunu nəzərə almaq lazımdır. Amma 97 min mina çox ciddi rəqəmdir və bu Azərbaycan tərəfinə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini sürətləndirməyə imkan verəcək”.
Asəf Quliyev əmindir ki, tərəflər bundan sonra da başladılmış qaydada mübadiləni davam edəcəklər:
“Bütün sivil dünya 30 ilə yaxın Ermənistan tərəfindən saxlanılan DQMV ətrafındakı rayonları işğal edilmiş hesab edir. Bu, BMT-nin qətnamələrində də əksini tapıb. Və çox təbiidir ki, Ermənistan digər azad edilmiş rayonların da ərazilərindəki minalı sahələrin xəritələrini Azərbaycana verməlidir. Azərbaycanda saxlanılan erməni hərbçilərin müqabilində.
Çünki hazırkı vəziyyətdə Ermənistanın əlində olan xəritləri gizlətməsinin, Azərbaycanın isə illərlə erməni hərbçiləri saxlamasının mənası yoxdur. Ancaq tərəflərin xoş məramı nəhayət, regionumuza sülh gətirə bilər”.
Yerevandan informasiya
15 hərbçinin qaytarılması haqda Geqarkunik vilayətinin sakinləri ilə seçkiqabağı görüşündə baş nazir əvəzi Nikol Paşinyan bildirib:
“Hazırda bizim vəzifəmiz bunlardır: əsirləri qarşılamaq, onları doğmalarına təhvil vermək, sonra isə digər əsirlərin qaytarılması ilə məşğul olmaq”.
Ermənistanın hüquq müdafiəçiləri deyirlər ki, təxminən 200 nəfər hələ də Azərbaycanda saxlanılır. Paşinyan da görüşdüyü seçiciləri əmin edib ki, qalan əsirlərin Azərbaycandan geri qaytarılması üçün mümkün olan hər şey edilir:
“Oğulları bu gün qayıtmayan valideynlərdən üzr istəmək istəyirəm ki, onların qaytarılması yenə də ləngidilir. Ümid edirəm ki, onlar buna anlayışla yanaşacaqlar”.
Yerevandan şərh
Siyasi şərhçi Naira Hayrumyan vurğulayıb ki, Ermənistan hakimiyyəti hələlik 15 erməni əsirin Ağdam rayonundakı minallı sahələrin xəritəsi müqabilində Bakıdan geri qaytarılmasını şərh etməyib:
“Azərbaycanda minalı sahələrin xəritəsi mövzusu xüsusilə populyar olub. Düşünürəm ki, Bakı rəhbərliyi minalı sahə mövzusundan çox konkret məqsədlər üçün istifadə edir. Azərbaycan rəhbərliyi bu yolla vətəndaşlara, o cümlədən də əslən Bakının nəzarəti altına keçən rayonlardan olan insanlara əvvəlki yaşayış yerlərinə qayıdışına qoyduğu qadağanı izah etməyə çalışır.
Bu qadağanın nədən irəli gəldiyini sadəcə ehtimal etmək olar. Ya Azərbaycan bu əraziləri qaytarmaq lazım olduğunu anlayaraq mənimsəmək niyyətində deyil, ya da bu ərazilərdə mülki həyat uyğun olmayan nəsə yaratmaq istəyir.
Bundan başqa, Bakı “mina mövzusu” ilə Ermənistanın və dünya ictimaiyyətinin qeyri-humanist davranışı ilə – erməni əsirlərin saxlanması, humanitar və digər büynəlxalq təşkilatların Artsaxa buraxılmaması, o cümlədən də ATƏT-in Mİnsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsinə etirazı ilə bağlı ittihamlarını bərabərləşdirməyə çalışır.
Minalı sahələr haqda danışarkən Azərbaycan ermənilərin də guya qəddar olduğunu göstərməyə çalışır. Üçüncü səbəb isə – Azərbaycanda anlayırlar ki, əsirləri sonsuza qədər saxlaya bilməzlər, onları buraxmaq lazımdır və öz cəmiyyətinə bu addımın “əsasını” təqdim etməlidir”.
Gürcüstanın baş nazirinin və ABŞ-ın Gürcüstandakı səfirliyinin şərhləri
Azərbaycanda saxlanılan 15 nəfər Ermənistan vətəndaşı Gürcüstan ərazisində Ermənistan tərəfinə təhvil verilib. Bu, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Rikerin fəal dəstəyilə baş tutub. Bu haqda Gürcüstan hökumətinin xüsusi bəyanatında deyilir.
Gürcüstanın baş naziri şəxsən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın faktiki baş naziri Nikol Paşinyanla mütəmadi əlaqədə olub və Ermənistan tərəfinin minalanmışərazilərlə bağlı mühüm materialların Azərbaycan tərəfinə verməsinə də vasitəçilik edib.
Bəyanatda “Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına doğru bu xüsusi addımın atılmasında Gürcüstanın əhəmiyyətli iştirakı” vurğulanır.
Gürcüstan hökuməti gələcəkdə də öz tərəfdaşlarına kömək etməyə və humanitar məsələlərin də həllində fəal iştiraka hazır olduğunu bildirib.
ABŞ-ın Gürcüstandakı səfirliyi Azərbaycanın saxlanılan 15 erməninin azad edilməsini, o cümlədən də Ermənistanın minaların təmizlənməsində kömək edəcək və gələcəkdə qurbanların artmasının qarşısının alınmasına imkan verəcək mühüm informasiyanı Azərbaycana ötürmək qərarını alqışlayıb.
Xüsusi bəyanatda səfirlik Gürcüstanın baş naziri və hökumətinə “region xalqlarının layiq olduqları dinc və çiçəklənən gələcəyə yaxınlaşdırılmasında” mühüm roluna görə təşəkkürünü bildirib.
“Birləşmiş Ştatlar bu addımları dəstəkləməyə şaddır və ümid edir ki, bu addımlar gələcək əməkdaşlıq üçün təməl qoymuş olacaq. Biz yenə də bütün saxlanılanların qaytarılmasına və onlar arasında həll edilməmiş məsələlərin həllinə çağırırıq.
Biz həmçinin Ermənistan və Azərbaycanın münaqişənin tam həcmdə siyasi nizamlanması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə mahiyyəti üzrə danışıqları bərpa etməyə çağırırıq”, – ABŞ səfirliyindən bildirilib.