Azərbaycanda Novruz festivalında milyona yaxın insan iştirak edib
Paylaşmaq
Paylaşmaq
Milyon nəfərə yaxın insan Azərbaycan paytaxtında davam edən Novruz festivalında iştirak edib, – Milli Turizm Təbliğat Bürosundan bildiriblər.
Bakıda Novruz festivalı ikinci ildir ki, təşkil edilir. Bu il festival və yarmarka üçün Bakının əsas meydanlarından biri – Fəvvarələr Meydanı ayrılıb. Orada suvenir köşkləri quraşdırılıb, milli mətbəxə aid təamları dadmaq və xalq musiqilərini dinləmək mümkündür. Axşamlar isə konsertlər keçirilir.
Ümumilikdə şəhərdə çoxlu turistlər var, xüsusən də bu bayramın dövlət səviyyəsində keçirildiyi İrandan.
“Dövriyyəmiz demək olar ki, iki dəfə artıb. Turistlər milli Azərbaycan yeməklərini sifariş verməyi üstün tuturlar. Bəziləri sonradan telefonla da sifariş edirlər”, – Bakıdakı restoranlardan birinin meneceri deyir.
Kütləvi tədbirlər Bakının qədim hissəsində – İçərişəhərdə və mərkəzi küçələrdə də keçirilib.
“İki ayın yekunlarına görə, turist axını ötən illə müqayisədə 12 faiz artıb. Ötən il isə artım 2016-cı illə müqayisədə 20 faiz təşkil etmişdi. Novruz bayramına MDB ölkələrindən və İrandan çoxlu turist gəlib. Bu il demək olar ki, üç gün ərzində festivalı yüz minlərlə insan ziyarət edib, onların sayı milyona yaxınlaşır. Halbuki hələ bir həftə keçməyib”, – Azərbaycan Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev JAMnews-a bildirib.
Festival hələ iki gün də davam edəcək.
Fars dilindən tərcümədə “yeni gün” mənasını verən Novruz bahar gecə-gündüz bərabərliyinin qeyd edildiyi qədim zərdüşt bayramıdır. Azərbaycanlıların ən sevimli bayramlarından biridir. Bu bayram rəsmi şəkildə ilk dəfə 1967-ci ildə qeyd olunub və yalnız müstəqillik əldə ediləndən sonra Novruz yenidən dövlət səviyyəsində bayram edilməyə başlayıb. Bu il Novruzla əlaqədar olaraq ölkədə altı gün qeyri-iş günü elan edilib.