Azərbaycanda korrupsiyaya görə həbs edilmiş general-leytenant ev dustaqlığına buraxıldı
Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, korrupsiya faktlarında ittiham olunan general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. Avqustun 8-də Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində həbs qətimkan tədbiri qərarını dəyişərək onu ev dustaqlığı ilə əvəz edib.
Əfqan Nağıyev mayın 16-da Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 4 ay müddətində həbs edilmişdi.
İstintaq müəyyən edib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev və bir qrup vəzifəli şəxs səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradaraq, bu işlə məşğul olan insanlardan müxtəlif məbləğlərdə rüşvət alıblar.
Müəyyən olunub ki, həmin vəzifəli şəxslər tərəfindən vətəndaşlardan alınan rüşvət hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pulun müəyyən faizini onlara geri qaytarıb.
Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş axtarış zamanı onların aldıqları pulun məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılmış və Əfqan Nağıyev 4 ay azadlıqdan məhrum edilib.
Əfqan Nağıyev barəsində mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi bildirilir. 2012-ci ildə Əfqan Nağıyevə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-mayor rütbəsi verilib. 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.
Məsələ sosial şəbəkədə müzakirə olunub.
Bəzi şərhlər:
“Pulu alıb buraxıblar evə. Xalqın pulunu talayanı ev dustaqlığına buraxırlar, Qarabağı tələb edəni içəri basırlar”.“Tutulanda duruşundan bəlli idi ki, azadlığa çıxacaq”.
“Yediyi rüşvətin yarısını yəqin bunlara verib, azadlığa çıxıb”.