Azərbaycanda koronavirusa yoluxanların sayı artıq 1000-i ötüb. Lakin, bir çoxları hələ də evdə qalmaq barədə ciddi tələbə riayət etmirlər
Azərbaycanda 1 058 koronavirusa yoluxmuş şəxs var – bunu Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildiriblər.
11 yoluxmuş şəxs ölüb, 200 nəfər sağalıb və xəstəxanadan çıxıb.
Nazirlər Kabineti yoluxmanın və ölüm göstəricisinin bu səviyyəsini digər ölkələrlə müqayisədə aşağı adlandırır, lakin hesab edir ki, özünütəcrid qaydaları daha da sərtləşdirilməlidir.
- Qarabağ: pandemiya fonunda seçkilər
- «Çıxan kimi ilk işim arvadımı öpmək olacaq» – Gürcüstanda karantndən yeddi hekayə

Hazırda Azərbaycanda ciddi karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilatlar və müəssisələr bağlıdır. Küçəyə çıxmaq üçün iş yerindən arayış olmalı, yaxud da gündə bir dəfə iki saat olmaq şərtilə hakimiyyətdən sms-lə icazə almaq lazımdır. Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmaq, ümumiyyətlə, qadağandır. Bununla birlikdə, ölkədə hələ də rəsmi olaraq fövqəladə vəziyyət elan edilməyib ki, bu da bütün qadağaları, əslində, qanunsuz edir.
Lakin məmurların sözlərinə görə, vətəndaşlar yenə də evdə oturmaq istəmir, qaydaları pozur və yüksək cərimələrə (100 manatdan), hətta həbs təhlükəsinə baxmayaraq, müxtəlif üsullara əl atırlar.
Belə ki, aprelin 11-də polis 3 mindən çox qaydaları pozan şəxs saxlayıb. Onlardan 27-si inzibati şəkildə həbs edilib, daha bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Polis əməkdaşları yalnız piyadaları saxlamıırlar, hətta avtobusa daxil olaraq, sərnişinlərdən icazələrini göstərməyi xahiş edə bilərlər. JAMnews-un siyasi icmalçısı Şahin Rzayev belə bir yoxlamanın şahidi olub:
«Avtobusda Köhnə Suraxanıya gedirəm. Avtobusu saxladılar, ön və arxa qapılardan polis əməkdaşları və daxili qoşunların əsgərləri daxil oldular. “Salam əleyküm, – deyib, davam etdilər. – İcazələrinizi göstərin”.
Mən belə bir şeyi həyatımda yalnız bir dəfə, 1993-cü ilin sonunda, Qarabağ müharibəsinin davam etdiyi vaxt görmüşdüm. O zaman marşrut avtobuslarında belə əməliyyatlar keçirilir və çağırış yaşında olan gəncləri elə oradanca cəbhəyə yollayırdılar, heç evdəkilərlə vidalaşmağa da icazə vermirdilər.
Bu dəfə iki oğlanı və bir qızı düşürdülər – onların icazə aldıqları sms-i yox idi. Qıza hörmət edib buraxdılar, oğlanları isə maşına oturtdular».
Karantin rejiminin pozulmasında ittiham olunaraq həbs edilən insanların arasında artıq bir neçə müxalifətçi var. Aprelin 10-da axşam vaxtı həmin maddə üzrə ölkənin cənubunda yerləşən Lənkəran şəhərinin sakini, “Facebook”da tənqidi qeydlərinə görə əvvəllər hakimiyyətlə problemləri olmuş şəxs 10 sutka müddətinə həbs edilib. Nəriman Abdullayev adlı gənc, onun anasının sözlərinə görə, polis tərəfindən birbaşa evindən aparılıb.