Azərbaycanda karantin daha bir ay uzadılıb: muzeylər və sərgi salonları açılıtr
Azərbaycanda koronavirus pandemiyasına görə karantinin 2020-ci il sentyabrın 30-a qədər uzadıldığı elan olunub. İnsanların paytaxtdan regionlara və geri hərəkəti qadağa altında qalır, istirahət günlərində ictimai nəqliyyat işləməyəcək, ticarət mərkəzləri açılmayacaq. Yumşalmalar altı ay qapalı qalan muzeylərə aid edilib.
• Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət rejimi artıq uzadılmayacaq
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə sərhədləri 2020-ci il sentyabrın 30-a qədər bağlı qalır. Yalnız qrafiki əvvəlcədən hökumətlə razılaşdırılan çarter reysləri istisnadır.
Bakıda ictimai nəqliyyat yalnız həftəiçi işləyəcək, sentyabrın sonuna qədər istirahət günləri ictimai nəqliyyatın hərəkəti qadağandır.
Sentyabrın 1-dən muzey və sərgi salonlarının ziyarətinə icazə verilir, amma 10 nəfərdən çox olmayan qruplarla. Fərdi pedaqoq və repetitorların fəaliyyəti də mümkündür, amma 10 nəfərlik limit onların da işinə aiddir – şagird qrupları göstərilmiş saydan çox ola bilməz.
Sentyabrda sərt karantin rejimi ancaq Bakı, Sumqayıt və Abşeron rayonunda, başqa sözlə, Azərbaycanın paytaxt regionu ətrafında qüvvədə olacaq. Digər regionların sakinləri paytaxt istisna olmaqla yaşayış məntəqələri arasında azad hərəkət edə biləcəklər.
Sosial şəbəkə istifadəçiləri hökumətin karantinin yumşaldılması ilə bağlı qərarına ironik reaksiya verib. Bir neçə xarakterik şərh:
“Karantin daha bir ay uzadılıb. Axır ki, öldürün də bizi”.
“Nəhayət, muzeylər açıldı. Daha bir həyati vacib məsələ həllini tapdı”.
“Hər dəfə bir ay uzadırlar. İnsanlara niyə zülm edirlər? Elə birdəfəlik ilin sonuna qədər uzatsınlar da”.