Azərbaycanda karantin bir ay da uzadılıb
Azərbaycanda koronavirus pandemiyasına görə karantin 2021-ci il sentyabrın 1-ə qədər uzadılıb. Bu tarixə yaxın yeni qərar qəbul ediləcək. Həmçinin sentyabra qədər istirahət günlərində ictimai nəqliyyat işləməyəcək. Ölkədə əhalinin vaksinasiyası fəal şəkildə davam edir.
- Koronavirusun “delta” və “alfa” ştammları Azərbaycana çatdı
- Azərbaycanda toylara icazə verilib, amma ciddi şərtlərlə
- “Səfər məqsədi – vaksinasiya”: Ermənistana İrandan turist axını
İstirahət günləri ictimai nəqliyyat işləmir
Azərbaycanda ilk dəfə 2020-ci ilin martında koronavirus pandemiyasına görə bütün ölkədə elan olunan karantin 2021-ci il sentyabrın 1-ə qədər uzadılıb. Bu qərarı Azərbaycanın Nazirlər Kabineti yanında Koronavirusla Mübarizə üzrə Operativ Qərargah verib.
Həmçinin sentyabra qədər hər həftənin istirahət günləri (şənbə və bazar) ictimai nəqliyyat işləməyəcək. Bu qayda ilk dəfə 2020-ci ilin dekabrında tətbiq edilib və indiyə qədər davam edir. Bayram günlərində də avtobuslar və metro işləmir.
Azərbaycan və Cənubi Qafqaqız digər ölkələrində COVID-19 infeksiyasına yoluxma hallarının dinamikası ilə buradan tanış olmaq mümkündür.
Azərbaycanda vaksinasiya
Azərbaycanda indi koronavirusa qarşı dörd növ vaksin istifadə olunur, amma ölkənin bütün tibb müəssisələrində kütləvi şəkildə Çin istehsalı olan Sinovac peyvəndi vurulur.
Arzu edənlər Sputnik V (Rusiya), Pfizer (Almaniya) və AstraZeneca (Cənubi Koreya) peyvəndlərini də vurdura bilər, amma bunun üçün özəl klinikalara müraciət etmək lazımdır. Vaksinin növündən və tibb müəssisəsinin statusundan asılı olmayaraq vaksinasiya pulsuz həyata keçirilir.
2021-ci il iyulun 22-i səhərə olan məlumata əsasən, 2,6 milyon insan koronavirusa qarşı peyvəndin birinci dozasını, 1,8 milyon insan isə hər iki dozasını alıb.
Yalnız 18 yaşdan yuxarı əhalinin vaksinasiyadan keçdiyini nəzərə alaraq peyvənd vurulanların statistikası ilə bağlı Azərbaycanın seçici sayına istinad etmək məntiqlidir. 10 milyonluq ölkə əhalisinin 5,5 milyonu seçici hüquqlu hesab olunur, yəni onların yaşı 18-dən yuxarıdır.
Beləliklə, bu gün ölkənin yetkin yaşlı əhalisinin 47,2 faizi vaksinin birinci dozasını, 32,7 faizi isə hər iki dozasını alıb.