Azərbaycanda ilk müstəqil informasiya agentliyinin direktoru saxlanılıb
Azərbaycanın ilk və hazırda yeganə müstəqil informasiya agentliyi olan “Turan”ın direktoru Mehman Əliyev avqustun 24-ü axşam Bakının Yasamal rayon polis əməkdaşları tərəfindən “vergidən yayınma” və “vəzifə səlahiyyətlərindən sui-istifadədə” şübhəli bilinərək saxlanılıb.
Məhkəmə 48 saat ərzində onun ilkin istintaq dövründə haqqında həbs qətimkan tədbirinin sevilib-seçilməməsinə qərar verməlidir
Avqustun 25-də səhər “Turan” informasiya agentliyi bəyanat yayıb, bəyanatda deyilir:
“Agentliyimizin direktoru Mehman Əliyevin saxlanması və vergidən yayınma ittihamının irəli sürülməsi ilə əlaqədar olaraq agentliyin bank hesabları dondurulub.
Belə vəziyyətdə agentliyin normal fəaliyyət göstərməsi həddən artıq mürəkkəbdir.
Yaranmış vəziyyəti nəzərə alaraq, Turan kollektivi sentyabrın 1-dən etibarən fəaliyyətini naməlum müddətə qədər dayandırmaq məcburiyyətindədir.
Yaxın zamanlarda şəxsi resurslar və şəxsi təşəbbüs sayəsində saytımızın işini dəstəkləməyə çalışacağıq. Xəbər buraxılışları məhdud olacaq. Bunu nə vaxta qədər sürdürə biləcəyimizi zaman göstərəcək.
Bu çətin məqamda Mehman Əliyev və bizi dəstəkləmək qərarına gələn hər kəsə təşəkkür edirik”.
Saxlanılmazdan iki saat əvvəl Mehman Əliyev “Kavkazskiy uzel” portalına müsahibə verib.
Mehman Əliyev agentliyə qarşı qaldırılmış cinayət işini “əsassız və qərəzli” adlandırıb.
“Sizcə bu yoxlamanın arxasında kim durur?” sualının cavabında Əliyev deyib: “Hesab edirəm ki, bunun arxasında Vergilər Nazirliyi durmur. Artıq dediyim ki, axı əvvəllər nazirliyin bizə qarşı heç bir iddiası olmayıb. Avqusun 7-də cinayət işinin qaldırılması haqda verilmiş qərar tamamən siyasidir. Yəni kimsə göstəriş verib ki, cinayət işi qaldırın. Üstəlik qərar bir anda verilmişdi, bu da işin siyasi olduğunun göstəricisidir. Vergilər Nazirliyi bütün bunları belə kobud formada edə bilməzdi”.
Mehman Əliyev xatırladıb ki, “Turan” agentliyi dəfələrlə hakimiyyətin təzyiqinə məruz qalıb, sonuncu dəfə bu, 2008-ci il prezident seçkiləri ərəfəsində olmuşdu. “İndi biz yenə keçid mərhələsindəyik – 2018-ci il prezident seçkilərinə, yeni vitse-prezidentlik institutlarının formalaşdırılmasına, komanda daxilində dəyişikliklərə hazırlıq gedir. Bu məqamlar onu göstərir ki, belə təzyiq formaları təsadüfi xarakter daşımır”.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Turan”ı Azərbaycanın yeganə müstəqil informasiya agentliyi adlandırıb və hakimiyyəti agentliyin əməkdaşlarına qarşı hücumları dayandırmağa çağırıb. Human Rights Watch təşkilatının hüquq müdafiəçiləri də hakimiyyəti agentliyin işinə qarışmamağa səsləyib.
“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı da Mehman Əliyevin saxlanmasını pisləyib.
“Hakimiyyət “Turan”a qarşı təzyiqləri artırır, çünki agentliyi əməkdaşlığa məcbur edə bilməyib”, – təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bir bildirib.
“Mehman Əliyev Azərbaycanın müasir jurnalistikasının pionerlərindən biridir. Onun yeganə “cinayəti” ölkənin sonuncu müstəqil KİV-ə rəhbərlik etməyidir. Biz onun dərhal azad edilməsini və “Turan”a qarşı bütün siyasi motivli ittihamlara son verilməsini tələb edirik”, – o əlavə edib.
“Sərhədsiz Reportyorların” 2017-ci il mətbuat azadlığı indeksinə əsasən Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutur.