Küçəyə çıxmazdan əvvəl hakimiyyətə sms göndərmək – Azərbaycanda epidemiya ilə əlaqədar yeni nizamlamalar
Bununla belə ölkədə fövqəladə vəziyyət elan olunmayıb və dolanışığından məhrum olmuş insanların dəstəklənməsi ilə bağlı plan yoxdur
Koronavirusun yayılması ilə mübarizə məqsədilə Azərbaycanda aprelin 5-dən vətəndaşların hərəkətinə ciddi məhdudiyyət tətbiq ediləcək. Bu o deməkdir ki, evdən çıxıb azad hərəkət etmək hüququna yalnız müəyyən kateqoriyadan olan insanlar sahib olacaq. Əksəriyyət isə xüsusi ehtiyaclar üçün evdən çıxdıqları zaman müvafiq dövlət orqanını sms-lə məlumatlandırmalı olacaq.
Bununla belə ölkədə hələ də fövqəladə vəziyyət elan olunmayıb, karantin rejiminin yaratdığı iqtisadi fəsadların yumşaldılması və karantin üzündən dolanışıq imkanını itirən əhali təbəqələrinin dəstəklənməsi üçün dövlət planı açıqlanmayıb.
Aprelin 2-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 400 nəfərə çatıb. Onlardan beş nəfəri ölüb, 26 nəfər sağalıb. Ölkədə gücləndirilmiş karantin rejimi tətbiq olunub. Metro bağlıdır. Əksər təşkilat və müəssisələrin fəaliyyəti dayandırılıb. Küçələrdə polis və daxili qoşunlar patrul xidmətinə cəlb olunub.
Aşağıdakı kateqoriyalardan olan insanlar xidməti vəsiqə və ya iş yerindən arayış olduğu təqdirdə azad hərəkət edə biləcək:
- Hakimiyyət nümayəndələri və dövlət məmurları (məsələn, deputatlar və prezident administrasiyasının əməkdaşları)
- Nazirlik əməkdaşları
- Ombudsmenlər, vəkillər
- Dövlət və ya həyati əhəmiyyətli müəssisə və təşkilatların əməkdaşları
- Tibb işçiləri
- Hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, hərbçilər
- Xarici səfirlik və Azırbaycanda akkreditasiyadan keçmiş beynəlxalq təşkilatların nümayəndələri.
Bəziləri yalnız işverənləri onlar haqda www.icaze.e-gov.az saytında məlumat dərc edəndən sonra azad hərəkət icazəsi ala bilər.
Qalan bütün vətəndaşlar evdən yalnız aşağıdakı səbəblərlə çıxa bilər:
- ərzaq və digər ilk ehtiyac malları almaq üçün,
- həkimə getmək üçün,
- banka və ya poçta getmək üçün,
- yaxın qohumun dəfn mərasiminə getmək üçün.
Əvvəlcə 8103 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsi və evdən çıxma səbəbi qeyd olunaraq pulsuz sms göndərilir.
Bu yeni qaydaların pozulmasına görə inzibati cəza nəzərdə tutulub – cərimədən azadlıqdan məhrumetməyə qədər.
Sosial şəbəkələrdə bu məhdudiyyətlət hakimiyyətin vətəndaşlar üzərində total nəzarət cəhdi kimi qəbul edilib.