Azərbaycanda ekoloji təmiz avtomobillər 20 faiz ucuzlaşacaq
Azərbaycanda hibrid və tam elektrik mühərrikli avtomobillərin əlavə dəyər vergisindən azad edilməsi planlaşdırılır. Qərar qəbul edildikdən sonra ölkə ərazisində satılan bu cür ekoloji təmiz maşınların qiyməti 20 faiz ucuzlaşacaq. Ən böyük problemlərdən biri isə yalnız elektrik mühərrikləri ilə təchiz olunmuş avtomobillər üçün xüsusi doldurucu stansiyaların, demək olar ki, mövcud olmamasıdır.
- Azərbaycanda köhnə polietilen torbalardan yol çəkiləcək
- Gürcüstan: ali təhsilli insanların 38 faizi işsizdir
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması: perspektivlər və təhlükələr
Milli Məclis yaxın günlərdə Azərbaycanın Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri nəzərdən keçirəcək. Həmin dəyişikliklərdən biri hibrid mühərrikli avtomobillərə aiddir. Belə ki, təklifə əsasən, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2 500 kub santimetrdən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Ekspertlərin fikrincə, parlament həmin dəyişikliyi təsdiq edərsə, həmin avtomobillər təxminən 20% ucuzlaşacaq.
Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, Azərbaycanda belə bir addımın atılması həm iqtisadi, həm də ekoloji cəhətdən əhəmiyyətlidir.
“Bir neçə ildir ki, hökumətin ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsi və ölkə daxilində stimullaşdırılması ilə bağlı tədbirlər planı var. Bu il həmin proqramın tətbiqi ilə bağlı son ildir. Hökumət artıq dövlət proqramı ilə 2021-ci ildə bu məsələlərin fundamental həlli ilə bağlı əsaslı addımlar atılacağını bildirib.
Bildiyimə görə, artıq hökumətin bəzi strukturlarında aidiyyəti məsələlərlə məşğul olan işçi qrupları yaradılır. Bu onu göstərir ki, ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını stimullaşdırmaq istiqamətində konkret addımlar atılacaq. Bu yaxınlarda Vergi və Gömrük Məcəllələrinə təklif edilən dəyişikliklər bir daha göstərir ki, əsaslı addımların atılmasında hökumət israrlıdır. Bu, həm də sahibkarların ölkəyə ekoloji cəhətdən təmiz avtomobillər gətirməsinə şərait yaradacaq”.
Mütəxəssisin fikrincə, bu addımlara paralel olaraq, bank sektoru da əhaliyə mümkün qədər sərfəli kredit şərtləri təqdim etməlidir:
“Bu, birtərəfli qaydada olsa, effektiv olmayacaq. Əgər idxal rüsumlarının endirsək və əlavə dəyər vergisini azaltsaq və yaxud tam ləğv etsək, ölkə daxilində vətəndaşlar onu ala bilməsə, o zaman bunlara nə ehtiyac var? Hesab edirəm ki, bu səbəbdən istiqamətlər müəyyən edilməli və paralel addımlar atılmalıdır.
İlk olaraq ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi sadələşdirilməlidir. Banklar ekoloji təmiz avtomobil almaq istəyən vətəndaşa mütləq güzəştli kredit verməlidir. İlkin olaraq həmin vətəndaşlardan avtomobilin dəyərinin 20%-i alına, məbləğin qalan hissəsi isə 9-10%-dən rəsmiləşdirilə bilər. Bu isə vətəndaşa şərait yaradacaq ki, əlində olan vəsaiti istifadə edərək ekoloji təmiz avtomobili alsın”.
Hazırda Azərbaycanda hibrid avtomobillər nəqliyyat vasitələri bazarının 10%-ni təşkil edir.
Eskspertlərin bildirdiyinə görə, hibrid avtomobillərin tam elektrik mühərrikli avtomobillərdən üstün cəhəti akkumulyatorun benzinlə işləyən mühərrikin işindən enerji toplamasıdır. Yəni bu cür maşınlar üçün əvalə elektrik doldurmağa ehtiyac yoxdur.
Bundan fərqli olaraq, tam elektrik mühərrikli avtomobillər üçün xüsusi doldurucu stansiyalar lazımdır ki, hazırda Azərbaycanda belə stansiyalar bir əlin barmaqları ilə sayılacaq qədərdir.