Azərbaycanda doqquzuncu ölüm və 104 yeni yoluxma halı
Azərbaycanda COVID-19 koronavirusundan doqquzuncu ölüm və 104 yeni yoluxma halı qeydə alınıb.
Beləliklə, rəsmi məlumata əsasən, hazırda yoluxanların ümumi sayı 926 nəfərə çatıb. Onlardan 101 nəfəri sağalıb və xəstəxanadan evə buraxılıb.
Ölən doqquzuncu xəstənin 71 yaşı olub. Azərbaycandakı əksər əvvəlki qurbanlar kimi o da şəkərli diabetdən əziyyət çəkirmiş. Həmçinin onun onkoloji xəstəliyi də olub.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət yox) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, parklar, bağlar, əyləncə mərkəzləri bağlıdır.
Aprelin 5-dən vətəndaşların hərəkəti ciddi məhdudlaşdırılıb – müəyyən sahələrdə çalışanlardan başqa yerdə qalan bütün vətəndaşlar evdən çıxmaq üçün hakimiyyətə evdən çıxma səbəbi göstərilməklə sms göndərməlidir.