Azərbaycan və Ermənistan sərhədində gedən atışmanın dördüncü günündə vəziyyət sakitləşib
Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatların yenidən başlanmasından artıq dörd gün keçir. Hər şey iyulun 12-də Azərbaycanın Tovuz rayonu və Ermənistanın Tavuş vilayətinin sərhədində baş verən hadisədən başlayıb.
Hər iki tərəfdən hərbçilər həlak olub.
Azərbaycanın və Ermənistanın müdafiə nazirliklərinin son məlumatlarına əsasən, gecə yarısından sonra sərhəddə nisbi sakitlikdir, “gecə artilleriya tətbiq edilməyib”.
- Ermənistan sərhədindəki atışmada həlak olanların nəşləri gətiriləndən sonra Bakıda iştişaşlar
- Azərbaycan-Ermənistan sərhədində təhlükə artır: hər iki tərəfdən ölənlər var
Bakıdan informasiya
İyulun 14-də günün ikinci yarısında Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Hərbi əməlyyatlar axşamdan etibarən yenidən başlayıb.
Artıq gecə saatlarında Müdafiə Nazirliyi Tovuz rayonu istiqamətində aparılan döyüşlər zamanı Azərbaycan SQ hissələrinin açdığı dəqiq atəşlə Ermənistan ordusunun növbəti bölüyünün istinad nöqtəsi məhv edilib.
Bir neçə saatdan sonra MN-in növbəti rəsmi məlumatı yayılıb.
“Ermənistanın Tovuz rayonu istiqamətində bizim hərbi hissələrimizi və yaşayış məntəqələrimizi atəşə tutan daha bir uzunmüddətli atəş nöqtəsi Azərbaycan ordusu tərəfindən darmadağın edilib”, – orada deyilir.
Nazirliyin rəsmi məlumatına əsasən, ötən sutka ərzində rəqib hissələr Dağlıq Qarabağ istiqamətində təmas xətti də daxil olmaqla bütün cəbhə boyu atəşkəs rejimini 91 dəfə pozub.
MN mətbuat katibi Vaqif Dərgahlı qeyd edib ki, Azərbaycan ordusunun cəbhənin Tovuz istiqamətində “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə etdiyi haqda Ermənistan mediasının yaydığı məlumat dezinformasiyadır.
Azərbaycanın ombudsmeni Səbinə Əliyeva döyüş əməliyyatlarının getdiyi sərhədyanı əraziyə gəlib.
Yerevandan informasiya
Yerevanda iyulun 14-də ən çox müzakirə olunan xəbər Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın paylaşdığı peykdən çəkilmiş foto olub. Şəkildə Azərbaycanın sərhəddən təxminən 10 kilometr məsafədə yerləşən Tovuz rayonunun Dondar Quşçu kəndi görünür. Kəndin ətrafına artilleriya mövqeləri yerləşdirilib.
Mətbuat katibi şəkli şərh edib:
“Azərbaycan tərəfi öz əhalisini artilleriya batareyaları ilə əhatə edib və onları hədəfə çevirib, sonra da şikayətlənirlər ki, Ermənistan Silahlı Qüvvələri bu istiqamətdə atəş açır”.
Bundan sonra Facebook-un Ermənistan seqmentinin istifadəçiləri 13 dilə tərcümə edilmiş bu informasiyanı öz səhifələrində paylaşıblar.
Niyə Ermənistan yardım üçün KTMT-ə müraciət etmir?
“Hazırkı münaqişənin dərəcəsi və miqyası Ermənistanın yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edəcəyi qədər böyük deyil. Ermənistan və Silahlı Qüvvələri öz vəzifələrini dəqiq yerinə yetirirlər”, – keçmiş müdafiə naziri Artsrun Hovannisyan deyib.
Ermənistan Rusiyanın liderliyi altında fəaliyyət göstərən KTMT hərbi blokunun üzvüdür. Ermənistan jurnalistləri də dəfələrlə sərhəddəki vəziyyətə KTMT-nin müdaxiləsi məsələsini sorğulayıblar.
Təşkilatın özü ənənəvi olaraq atəşin dərhal dayandırılması çağırışı ilə kifayətlənib.
Baş nazir nə deyir?
“Ermənistan Respublikasının Silahlı Qüvvələri bir daha sübut edirlər ki, bizimlə güc mövqeyindən danışmaq olmaz”, – Nikol Paşinyan iyulun 14-də Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin rəhbər şəxsləri ilə görüşü zamanı bildirib.
Paşinyan ölkə prezidentinə təklif edib ki, iyul döyüşlərində həlak olan dörd hərbçi ölümündən sonra təltif olunsun.
Prezident artıq müvafiq fərmanları imzalayıb. Mayor Qaruş Ambartsumyan ölümündən sonra II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə, kapitan Sos Elbakyan “Şücaətə görə” medalı, kiçik serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyan “Döyüş xidmətinə görə” medalları ilə təltif olunublar.
Ermənistan ilk dəfə yerli dronlardan döyüş şəraitində istifadə edib
“13 iyul tarixə Ermənistan istehsalı olan pilotsuz uçan apparatların ilk dəfə döyüşdə istifadə edildiyi gün kimi daxil olacaq. İlk dəfə Ermənistanın hərbi pilotsuz uçan aparatları döyüş şəraitində tətbiq olunub və möhtəşəm nəticələr göstərib”, – Ermənistan Müdafiə Nazirliyinin Hərbi Universitetinin Komanda-Qərargah Fakültəsinin rəisi Artsrun Hovannisyan Facebook səhifəsində yazıb.
Artıq səhəri gün Tavuşda keçirilən brifinqdə o, jurnalistlərə bildirib ki, erməni mühəndislər kəşfiyyat dronlarının hazırlanması səhifəsini bağlayıblar və hücum dronlarını təkmilləşdirməyə başlayıblar.
Hovannisyan həmçinin Ermənistan hərbçilərinin Azərbaycana məxsus dronu – dünyada dronlar sinfində ən güclülərdən biri olan İsrail istehsalı Hermes-900 aparatını vurduqlarını da təsdiqləyib.
Müdafiə Nazirliyi Ermənistan SQ-nin zərbəsini əks etdirən videonu yayıb.
Yaralıların vəziyyəti haqda
Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Tavuşda döyüşlər getdiyi müddətdə 10 əsgər müxtəlif dərəcəli yara alıb:
“Hərbçilərdən biri hədsiz ağır vəziyyətdədir. Beş nəfərin vəziyyəti orta ağırdır, qalanlar yaxın bir həftədə xidmətə qayıdacaqlar”.