Azərbaycan-Tayland münasibətləri texniki mərhələyə keçir: konsulluq məsləhətləşmələri nə deməkdir?
Azərbaycan Tayland əlaqələri
11 iyunda Bakıda Azərbaycan və Taylandın Xarici İşlər Nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tayland tərəfinə isə Tayland XİN-in Konsulluq məsələləri departamentinin baş direktoru Munkqorn Pratumkayev rəhbərlik edirib.
Bu hadisə ilk baxışda texniki görünə bilər, amma əslində konsulluq sahəsi xarici siyasətin vətəndaşa ən yaxın hissəsidir: itirilmiş pasport, qayıdış sənədi, təcili yardım, həbs, ölüm halı, təxliyə və sərhəd-keçid prosedurları məhz burada həll olunur. Ona görə də bu görüş həm də Azərbaycan-Tayland münasibətlərinin daha praktik və daha dayanıqlı mərhələyə keçidinin göstəricisidir.
Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya arasında əlaqələr adətən böyük geosiyasi başlıqların kölgəsində qalır, həm də konsulluq diplomatiyası məhz “böyük siyasət”in gündəlik həyatda necə işlədiyini göstərir.
Viza prosedurlarının sadələşdirilməsi, rəqəmsal müraciət sistemləri, fövqəladə hallarda koordinasiya və vətəndaşların müdafiəsi kimi məsələlər dövlətlərarası münasibətlərin real dəyərini ölçən sahələrdəndir.
Görüşün məzmunu
Bakıdakı məsləhətləşmələrdə tərəflər Azərbaycan-Tayland konsulluq əməkdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Rəsmi məlumata görə, ikitərəfli müqavilə hüquq bazasının genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müvafiq sahələrdə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi vacib hesab olunub.
Eyni zamanda, böhranlar zamanı vətəndaşların təxliyəsi, təcili konsul yardımı, eləcə də konsul xidmətlərinin rəqəmsallaşdırılması sahəsində yeniliklər də ayrıca gündəmə çıxarılıb.
Bu, turizm, biznes, tələbə mübadiləsi və fövqəladə halların idarəsi kimi sahələrdə sonradan görünəcək dəyişikliklərin “texniki başlanğıcı” sayıla bilər.
Bu məsləhətləşmələrin diplomatik fonu
İyun görüşü ilk belə təmas deyil. Hələ 11 oktyabr 2024-cü ildə Tayland XİN-də Azərbaycanın Banqkoka təyin olunmuş səfiri ilə keçirilən görüşdə turizm, təhsil, ticarət və investisiyalarla yanaşı, ilk siyasi məsləhətləşmələrin təşkili, diplomatik və xidməti pasport sahibləri üçün viza azadolması layihəsi, birbaşa uçuşların başlanması ideyası və ilk konsulluq məsləhətləşmələrinin keçirilməsi müzakirə olunmuşdu. Yəni konsulluq fəaliyyəti üçün planlar faktiki olaraq 2024-cü ilin payızından etibarən hazırlanırdı.
Bu hazırlıq 2025-ci ilin dekabrında yeni mərhələyə keçib. Həmin ilin 11 dekabrında Tayland XİN rəsmisi Vijavat İsarabhakdi Banqkokda Azərbaycanın Taylanddakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edib. Tayland tərəfi bunu ikitərəfli münasibətlərdə mühüm inkişaf kimi təqdim edib.
Elə həmin gün Taylandın xarici işlər naziri Sihasak Phuangketkeov Azərbaycan tərəfini səfirliyin açılışı münasibətilə təbrik edərək ticarət, investisiya, enerji keçidi, bərpa olunan enerji, kənd təsərrüfatı, texnologiya və əlaqələndiricilik sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib.
Daha sonra, 12 dekabrda iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb və ilk siyasi məsləhətləşmələr keçirilib. Həmin məsləhətləşmələrdə iqtisadi əməkdaşlıq, ticarət və investisiya, aqrosənaye, halal məhsullar və xidmətlər, enerji, turizm, logistika və bağlantı məsələləri müzakirə olunub.
Bu irəliləyiş bu ilin 20 aprelində Banqkokda, BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində xarici işlər nazirləri Ceyhun Bayramov və Sihasak Phuangketkeov arasında keçirilən görüşdə davam etdirilib. Tərəflər iqtisadi, ticarət, mədəni və turizm əməkdaşlığını dərinləşdirməyi, səfirliyin açılmasını və ilk siyasi məsləhətləşmələri münasibətlərin institusional əsaslarını gücləndirən mühüm mərhələ kimi qiymətləndiriblər.
Buna görə 11 iyundakı konsulluq məsləhətləşmələri əvvəlki addımların məntiqi davamıdır, təsadüfi epizod deyil.
Turizm, mobillik və rəqəmsal konsulluq niyə gündəmdədir?
Açıq mənbələrdə Azərbaycan-Tayland arasında detallı və yenilənən miqrasiya statistikası geniş təqdim olunmasa da, rəsmi addımlar insan hərəkətinin artmasına hazırlıq getdiyini açıq göstərir.
2024-cü ilin oktyabrında tərəflər birbaşa uçuşlar və ilk konsulluq məsləhətləşmələri ideyasını müzakirə edirdilər. Bu ilin yanvarında Azərbaycan Turizm Bürosu Banqkokda keçirilən TİTF B2B tədbirində təxminən 30 taylandlı turizm rəsmisi ilə görüş keçirərək Azərbaycanı Tayland bazarında yeni və müxtəlif istiqamət kimi tanıtmağa çalışıb. Bu ilin aprelində isə nazirlər turizmi yenə prioritet əməkdaşlıq sahələrindən biri kimi qabardıblar.
Bütün bunlar göstərir ki, turizm, biznes və mümkün birbaşa hava əlaqələri üçün zəruri instusional zəmin hazırlanır. Rəqəmsallaşma da məhz burada kritik rol oynayır.
Azərbaycan XİN-in Elektron Növbə sistemi konsul xidmətləri üçün əvvəlcədən onlayn qeydiyyatı həm nazirlik, həm də xaricdəki diplomatik nümayəndəliklər səviyyəsində mümkün edir. ASAN Viza isə Azərbaycan üçün elektron viza prosedurunu sadələşdirərək ərizə, ödəniş və sənədin yüklənməsini rəqəmsal formata keçirib.
Tayland da “THAI E‑VISA” sistemini 1 yanvar 2025-dən etibarən bütün dünyadan müraciətə açdığını, bunun viza prosesini daha müasir və səmərəli etdiyini, kağız yükünü azaltdığını və məlumat bazalarını inteqrasiya etdiyini bildirir. Bundan əlavə, “Thailand Digital Arrival Card” artıq kağız giriş kartını əvəz edən onlayn sistemdir və rəsmi izaha görə həm təhlükəsizliyi gücləndirməli, həm immiqrasiya prosedurlarını sürətləndirməli, həm də ictimai səhiyyə idarəçiliyini dəstəkləməlidir. Məhz buna görə Bakı görüşündə konsul xidmətlərinin rəqəmsallaşdırılması ayrıca bənd kimi səsləndirilib. Bu, gözləmə vaxtının azalması, sənəd dövriyyəsinin sürətlənməsi və böhran anında vətəndaşa daha tez çatmaq deməkdir.
Bu məsləhətləşmənin Azərbaycan üçün regional mənası nədir?
Bu məsləhətləşmələrin daha geniş mənası Azərbaycanın Asiya istiqamətində diplomatik əlaqələri sürətlə institusionallaşdırmasında görünür. Azərbaycan və Tayland arasında diplomatik münasibətlər 7 iyul 1992-ci ildə qurulub, amma son sürətlənmə əsasən 2024-cü ilin sonundan etibarən başlayıb.
Azərbaycanın Banqkokda səfirliyinin açılması, siyasi məsləhətləşmələr memorandumunun imzalanması, xarici işlər nazirlərinin UNESCAP çərçivəsində görüşü və indi də ilk konsulluq məsləhətləşmələri bir yerdə götürüldükdə, bu münasibətlərin simvolik səviyyədən mexanizmlər səviyyəsinə keçdiyini göstərir.
Burada regional təhlükəsizlik və iqtisadiyyat baxımından da önəmli məqam var. Tayland 2025-ci ilin dekabrında Azərbaycanla münasibətlər barədə danışarkən hər iki ölkəni öz regionlarının mühüm qovşaqları kimi təqdim edib. Siyasi məsləhətləşmələrdə logistika və bağlantı, nazirlərin görüşündə isə BMT, UNESCAP, CICA, ASEAN və digər çoxtərəfli platformalarda işləmək perspektivi vurğulanıb.
Bu, Azərbaycanın Asiya ilə münasibətlərini daha geniş regional bağlantı, çoxtərəfli koordinasiya və iqtisadi marşrutlar kontekstində qurmağa çalışdığını göstərir.
Həmçinin bu xətt Azərbaycanın xarici siyasətində vətəndaş yönümlü komponentin gücləndiyinin də göstəricisi hesab edilə bilər. Turist və iş adamları üçün daha proqnozlaşdırılan mühit yaradılması və fövqəladə hallarda dövlətin reaksiyasını sürətləndirmək Azərbaycanın post-neft dövrünə hazırlıq cəhdləri ilə də üst-üstə düşür.
Tayland üçün də bu, Cənubi Qafqazda hələ tam dolmamış bir konsulluq boşluğunu daha səmərəli mexanizmlərlə doldurmaq imkanı yaradır.
İndi əsas sual budur: bu məsləhətləşmələr hansı konkret nəticələr verəcək?
Ən diqqətlə izlənməli sahələr viza və xidmət prosedurlarının sadələşdirilməsi, müqavilə və hüquq bazasının genişlənməsi, birbaşa əlaqə kanallarının dərinləşməsi, təxliyə və təcili yardım üzrə protokolların dəqiqləşdirilməsi, eləcə də turizm və mümkün uçuş bağlantıları ilə bağlı addımlardır.
Azərbaycan Tayland əlaqələri