Azərbaycanlı tələbəni Təhsil Nazirliyinə müraciət etdiyi üçün 15 sutkalıq həbs ediblər
Bir qrup tələbə və fəal karantin səbəbindən buraxılmış semestr və yay imtahanına görə ödənişin ləğv olunması tələbi ilə iyunun 1-i Azərbaycanın Təhsil Nazirliyinin binasının qarşısına gəlib. Nəticədə onlardan biri 15 sutkalıq həbs olunub. Daha bir neçə nəfər 100-200 manat (təxminən 58-118 dollar) məbləğində cərimə olunub.
- Azərbaycan təhsil sisteminə ünvanlanmış “Buraxılmış semestrə görə niyə ödəniş etməliyəm?” və digər suallar
- Yeni reallıqda gürcü məktəbləri
- “Azərbaycanda yaşamaq mənim haqqımdır”. Sabiq vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı özünün gələcək planları haqda danışıb
Martın sonunda koronavirus pandemiyası və karantinin tətbiq edilməsi səbəbindən Azərbaycanın bütün təhsil müəssisələri onlayn-təhsilə keçib. Lakin ölkədə onlayn-təhsil sistemi qaydaya salınmadığından dərslər başdansovdu keçirilib. Buna baxmayaraq, tələbələr bu semestrə görə ödəniş etməli və yay imtahanını verməlidirlər.
Nazirliyə müraciət etməyi “Tələbə tələbi” təşkilatı qərara alıb. Bakı dövlət universitetinin ikinci kurs tələbəsi Rüstəm İsmayılbəyli qəbula yazılıb və təyin olunmuş vaxtda bu təşkilatın daha bir neçə üzvü ilə nazirliyə gəlib. Onlarla birgə daha bir neçə vətəndaş və siyasi fəal, o cümlədən həbsxanadan çıxdıqdan sonra təhsilinə davam etməsinə imkan verilməyən sabiq siyasi məhbus Qiyas İbrahimov gəlib.
Üç tələbəni nazirliyin nəzdində olan Təhsil Muzeyinin binasına aparıblar. Nazirliyin mətbuat xidməti Facebook-da bəyan edib ki, məmurlar fəallarla danışıb, onları narahat edən problemləri müzakirə edib və buraxıblar.
Amma tezliklə aydın olub ki, Rüstəm İsmayılbəyli karantin rejimini pozması ittihamı ilə 15 sutkalıq həbs edilib, bir neçə yoldaşı isə cərimələnib. Bu cərimələrin ödənməsi üçün tələbələr sosial şəbəkələrdə kampaniya quraraq, bütün arzu edənlərə 1 manatdan (0.58 dollar) “toplamağı” təklif ediblər.
Bu həbs sosial şəbəkələrdə böyük rezonans doğurub. Çoxları hiddətlənib, hakimiyyəti utandırır və deyir ki, bu cür yola əl atmaqla – fəal gəncləri həbs etməklə onlar özlərinə qarşı düşmən nəsil yetişdirirlər.