Azərbaycan “quş qripi” təhlükəsinə görə İrandan quş və quş əti gətirilməsinə qadağa qoyub
Qonşu ölkədə “quş qripi” epidemiyası ilə bağlı olaraq Azərbaycana İrandan diri quş və quş ətinin gətirilməsinə müvəqqəti qadağa qoyulub.
Azərbaycanın Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) məlumat verib ki, İranda quş qripi epidemiyasının başlaması səbəbilə 25 milyon quş məhv edilib. Virus əsasən Azərbaycanla sərhəddə yerləşən şimal-qərb əyalətlərində yayılıb. Amma getdikcə daha çox quş bu xəstəliyə yoluxur.
Azərbaycanın köçəri quşların miqrasiya yolu üzərində yerləşdiyini nəzərə alaraq, bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə DBNX fermerlərə və quş təsərrüfatı olan vətəndaşlara quşlarını qapalı şəraitdə saxlamaq tövsiyəsi ilə müraciət edib.
Azərbaycan yalnız diri quşların deyil, həm də quş ətinin və yumurtanın idxalını da qadağan edib, – DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “Trend” agentliyinə bildirib.
Asiya İnkişaf Bankı təhlükəli xəstəliklə mübarizə və lazımı avadanlıq əldə etmək məqsədilə Azərbaycana 50 min ABŞ dolları ayırıb. Dövlət Neft Fondunun ayırdığı vəsait hesabına isə müayinə üçün müvafiq aparatlar əldə edilib.
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib ki, “quş qripi” virusu Azərbaycanda aşkarlanmayıb, buna görə də ölkənin broyler təsərrüfatlarında yetişdirilən quşları qorxmadan almaq və istifadə etmək olar, – “AzərTac” dövlət informasiya agentliyi yazır.