Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirə bilər – Bakıdan şərh
2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən birinin həyata keçirilməməsi Bakıda yenidən diqqət mərkəzinə gəlib. Sənədin maddələrindən birinə əsasən, Ermənistan silahlı qüvvələri Qarabağın RF sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi hissəsini tərk etməlidir. Siyasi icmalçı Aqşin Kərimovun fikrincə, bu şərtin yerinə yetirilməsi üçün Azərbaycan antiterror əməliyyatı keçirə bilər.
- Azərbaycan və Ermənistan XİN-lərinin “dialoqu”: tərəflərin son bəyanatları
- Laçın dəhlizinə alternativ yolu kim çəkir? Bakıdan şərhlər
- Qarabağa iki saatlıq kim getmək istəyir, kim istəmir və niyə?
Bu günlərdə Azərbaycan KİV-də Ermənistan silahlı qüvvələrinin Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində səngər qazdıqlarını əks etdirən video yayılıb. Bununla belə onlar bu işləri həmin PF sülhməramlılarının qoruması altında görürlər. Video ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan Ağdam rayonunun yaxınlığında çəkilib.
Qeyd olunur ki, Azərbaycan tərəfi baş verənlərlə bağlı etirazını bildirib və sülhməramlı qüvvələrdən analoji qanunsuz əməllərin qarşısının alınmasını tələb edib.
Şərh
Azərbaycanlı siyasi şərhçi Aqşin Kərimovun fikrincə, bu cür insidentlər rəsmi Bakıya Ermənistan silahlı qüvvələrini Qarabağdan güc hesabına çıxarmaqdan başqa yol qoymur.
“2020-ci il 10 noyabr bəyanatının 4-cü maddəsinin həyata keçirilməsi üçün faktiki heç bir tədbir görülmür.
Həmin maddəyə əsasən, Qarabağa Rusiya sülhməramlı qüvvələri Ermənistan silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilməli idi.
Amma bir ildən çox vaxt keçib, nəinki sülhməramlıların məsuliyyət zonasında olan qanunsuz silahlı qüvvələrin çıxarılmasını müşahidə etmirik, əksinə, onlar öz mövqelərini möhkəmlədirlər.
Məncə, baş verənlər iki səbəblə əlaqədardır:
- Qarabağda Ermənistan silahlı qüvvələri Ermənistan rəhbərliyinin iradəsinə tabe deyil. Bu cür vəziyyət də rəsmi Yerevana sərf edir;
- Qarabağda Ermənistanın qanunsuz silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin patronajlığı altında qalır.
Bu vəziyyətə gətirib çıxarmış səbəblərdən asılı olmayaraq, Azərbaycanın səbri sonsuz deyil və müəyyən məqamda Bakı hərbi qüvvə tətbiqinə əl ata bilər.
Rusiya sülhməramlıları bildirirlər ki, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması onların vəzifəsinə daxil deyil. Bu şərt üçtərəfli bəyanatda nəzərdə tutulub, amma sülhməramlı kontingentin bunu həyata keçirmək səlahiyyəti yoxdur.
Bu fakt da təsdiqləyir ki, ikinci Qarabağ müharibəsinə son qoymuş sənədin 4-cü maddəsi bilavasitə Azərbaycan tərəfindən icra edilə bilər. Ermənistanın qanunsuz silahlı dəstələrinin Azərbaycan SQ-nə müqavimət göstərmək gücünün olmadığı birmənalıdır.
Düşünürəm ki, perspektivdə Qarabağda antiterror əməliyyatının aparılması istisna deyil”, – Kərimov qeyd edib.