Azərbaycan müxalifəti növbədənkənar prezident seçkilərinin ləğvini tələb edib
Paylaşmaq
Paylaşmaq
Azərbaycan müxalifəti növbədənkənar prezident seçkilərinə qarşı etiraz aksiyası keçirib. Bu mitinq son beş ildə Azərbaycanın bütün əsas müxalif qüvvələrinin – Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının ilk birgə etiraz aksiyası olub.
Bakı İcra Hakimiyyətinin şəhərin kənarında mitinq keçirməyə icazə verməsinə baxmayaraq, aksiyadan bir gün öncə təşkilatçılar Bakı şəhər Polis İdarəsinə çağırılıb. Orada onlara meriyaya ünvanladıqları məktubda göstərilən şüarlardan qeyrisinin səsləndirilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edilib.
Həmişə olduğu kimi müxtəlif mənbələr mitinq iştirakçılarının sayı ilə bağlı müxtəlif rəqəmlər açıqlayıb. Bakı polisindən bildirilib ki, mitinqdə 1500 nəfər iştirak edib, təşkilatçılar isə mitinq iştirakçılarının sayının on minə çatdığını deyiblər. JAMnews müxbirinin vizual dəyərləndirməsinə görə, mitinqdə 3-3.5 min nəfərin iştirak etdiyini söyləmək mümkündür.
Mitinq natiqlərinin çıxışlarından xarakterik sitatlar:
“İlham Əliyev 15 illik hakimiyyəti dövründə ölkənin heç bir problemini həll edə bilməyib. Əgər xalq sussa, hazırkı hakimiyyət dəyişməz olacaq. Amma bu rejim iqtidar dövrünü artırmaq haqda yox, çamadanlarını toplayıb, səhnəni tərk etmək haqda düşünməlidir” (Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli).
“Seçkilər xalqın azad iradə ifadəsini əks etdirməyəcək. Ölkədə ədalətli siyasi rəqabət şəraiti yoxdur, seçki komissiyaları hakimiyyətin təsiri altındadır” (Müsavat partiyasının sədri Arif Hacılı).
“Korrupsiya hakimiyyətin anti-xalq xarakterinin əsas əlamətidir. Onların məqsədi növbədənkənar yox, alternativsiz seçki keçirməkdir. Biz etiraz aksiyalarını davam etdirəcəyik” (Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli).
Ötən mitinqdə olduğu kimi bu dəfə də aksiyanın keçirildiyi stadionun ərazisində internet əlaqə kəsilib və jurnalistlər redaksiyalara isti-isti xəbər, foto və video-materialları ötürmək üçün qonşu kvartallara getməli olublar.
Yeni Azərbaycan iqtidar partiyasının icra katibinin müavini Siyavuş Novruzov müxalifətin ötən mitinqini “uğursuz” kimi qiymətləndirib.
“Aksiyalarda eyni fikirləri səsləndirən eyni adamlar iştirak edib. İştirakçıların sayında da heç bir dəyişiklik olmayıb. Kütləvi mitinq baş tutmayıb, çünki xalq onda maraqlı deyil”, – Report.az Novruzova istinadən xəbər verir.
Azərbaycanda prezident seçkiləri 2018-ci il oktyabrın 17-də keçirilməli idi, amma fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-ə növbədənkənar seçki təyin etdi. Azərbaycan MSK-ı artıq dörd prezidentliyə namizədi qeydə alıb. Demokratik Qüvvələrin Milli Şurası, Müsavat və Ümid partiyaları seçkilərdə iştirakdan imtina edib, Respublikaçı Alternativ (ReAl) və Nida hərəkatları bəyan ediblər ki, seçkilərin nəticələrini tanımırlar.