Azərbaycan məhkəməsində toqquşma: dağıdılmış skamyalar və gözyaşardıcı qaz
Bakıda Gəncə iğtişaşları üzrə məhkəmə iclası zamanı polis zalda həbs olunanların qohumlarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Hökmdən narazı qalan müttəhim yaxınları zalda oturacaqları dağıdıblar və onları güclə məhkəmə binasından çıxarıblar.
• Əlçatmaz Naxçıvan – Azərbaycan daxilində dövlət haqda
• Sənət yoxsa sosial etiraz – Gürcüstanda strit-artı nə yönləndirir?
“Gəncə işi”
2018-ci il iyulun 3-də Gəncə şəhəri İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd baş verib. Yerli sakin Yunis Səfərov Vəliyev və mühafizəçisinə odlu silahdan atəş açıb. Hər ikisi sağ qalıb, Səfərov isə həbs edilib.
İyulun 10-da Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısında Yunis Səfərovun müdafiəsi məqsədilə etiraz aksiyası təşkil olunub. Aksiyaya 200 nəfərə yaxın insan toplanıb. Polis və aksiya iştirakçıları arasında toqquşma baş verib, iki polis qətlə yetirilib.
Bir neçə gün sonra polislərin qətlində şübhəli bilinənlərdən biri saxlanılma zamanı həlak olub, ikincisi ələ keçirilib.
İğtişaşların təşkili və iştişaşlarda iştirakda şübhəli bilinən 60 nəfərə qarşı cinayət işi qaldırılıb. 2019-cu ilin martında onlardan bəziləri kütləvi iğtişaşlatrın təşkilində və polisə müqavimətdə təqsirli bilinərək beş ildən səkkiz ilə qədər azadlıqdan məhrum ediliblər.
2018-ci il avqustun 28-də Elmar Vəliyev vəzifəsindən kənarlaşdırılıb.
Həbs olunanların qohumları ittihamları ədalətsiz sayır və dəfələrlə Gəncədə və Bakıda etiraz aksiyaları təşkil ediblər. Bu etirazlar heç bir nəticə verməyib.
Məhkəmədə olay
Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində “Gəncə işi” üzrə növbəti qrupla bağlı qərar qəbul edilib.
Məhkəmə ilkin maddəni daha yumşaq ittihamla əvəzləyib və müttəhimlərin hər birini 4-4.5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib (ilkin ittihama görə onları 7-9 il cəza gözləyirdi) – Turan xəbər verir.
Amma müttəhimlər və onların qohumları bəraət hökmünün çıxarılmasını tələb edirdilər. Məhkəmə hökmü onları qəzəbləndirib, zaldakı insanlar qışqırmağa, oturacaqları dağıtmağa, şüşələri sındırmağa başlayıblar. Penitensiar Xidmətin əməkdaşları gözyaşardıcı qaz tətbiq edərək onları zor gücünə zaldan çıxarıb. Qarşıdurma məhkəmənin həyətində davam edib. Nəticədə müttəhimlərin qohumları binadan uzaqlaşdırılıb, amma heç kim saxlanılmayıb.