Azərbaycanda koronavirus: 13-cü ölüm, statistikaya etibarsızlıq
Azərbaycanda koronavirusdan on üçüncü ölüm qeydə alınıb. 87 yaşlı xəstə əlavə olaraq şəkərli diabet və işemik ürək xəstəliyindən əziyyət çəkirmiş.
Həmçinin 49 yeni yoluxma halı qeydə alınıb və daha əvvəl yoluxan 63 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Beləliklə, indiyə qədər yoluxanların ümumi sayı 1197 nəfərə, sağalanların isə 351 nəfərə çatıb.
Mediada insanların harada və necə yoluxduğu haqda heç bir informasiya yayılmır. Amma hakimiyyət mütəmadi olaraq əhalinin karantin rejimini pozmasından şikayətlənir.
Aprelin 14-də 12-də olduğu kimi sağalanların rəsmi sayı yoluxanların sayını üstələyib. Azərbaycanda ümumiyyətlə statistikaya inanmayan insanlar az deyil. Hesablamaları seçki saxtakarlığı ilə ad çıxarmış MSK sədri Məzahir Pənahovun apardığı haqda zarafat edirlər.
JAMnews-un siyasi şərhçisi Şahin Rzayev ehtimal edir ki, xalq ümumilikdə hansı sahəni əks etdirməsindən asılı olmayaraq rəsmi məlumatlara inanmır:
“Mən statistikanın şişirdildiyi və ya azaldıldığı haqda qərar verə və ümumiyətlə nə cürsə şərh edə bilmərəm. Amma 2020-ci ilin fevralında keçirilən parlament seçkilərindən sonra insanların əksəriyyəti hakimiyyətin səsləndirdiyi statistikaya tamam inamını itirib”.
Hazırda Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilatlar və müəssisələr bağlanıb.
Küçəyə çıxmaq üçün ya işdən arayış olmalıdır, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. Belə icazə hər kəsə gün ərzində bir dəfə iki saatlıq verilir. 65 yaşdan yuxarı insanlara evdən çıxamq ümumiyyətlə qadağan edilib.
Bununla belə ölkədə rəsmən fövqəladə vəziyyət rejimi elan olunmayıb, bu da qadağaları mahiyyət etibarilə qanunsuz edir.