Azərbaycanda İsrail hərbçiləri varmı və İran onları vura bilərmi? Bakıdan şərh
Azərbaycan İran və İsrail arasında
Bu günlərdə İsrailin dövlət televiziyası olan “11KAN”ın saytında İsrailin ordu rəhbərliyinin hər hansı səbəbdən Gürcüstan və Azərbaycanda olan hərbçilərinə bu ölkələrin ərazilərini tərk etmək əmri verdiyi haqda məlumat yayılıb. Bundan əvvəl isə Britaniyanın “The Telegraph” nəşri İran prezidenti Məsud Pezeşkianın İsrailin qonşu ölkələrdəki gizli bazalarına zərbələr endirməyi təklif etdiyini yazıb.
Bu məlumatlar silsiləsi iki ciddi sual doğurur: Azərbaycan və Gürcüstan ərazisində İsrail hərbi qüvvələri varmı və İran qonşu ölkələrə zərbələr endirə bilərmi?
Azərbaycanlı politoloqlar hesab edirlər ki, ölkədə İsrail hərbi qüvvəsi yoxdur, bu bəyanatlar təxribatdır və Cənubi Qafqaz ölkələrini Yaxın Şərq münaqişəsinə sürükləmək niyyətidir.
- AXCP sədri Əli Kərimli böhtanda ittiham olunur
- Cənubi Qafqaz ölkələrinin Rusiya ilə iqtisadi münasibətləri necə dəyişib? – Bakıdan icmal
- Yerevan və Bakı problemli məsələlərdən birini sülh müqaviləsindən çıxaracaq. Bəs sonra?
Nə baş verib?
İsrailin ordu rəhbərliyinin öz hərbçilərinə Gürcüstan və Azərbaycanı tərk etmək əmri verdiyi barədə məlumat “11KAN” saytında bazar ertəsi, avqustun 12-də dərc olunub. Lakin nə İsrail ordusunun mətbuat xidməti, nə də digər İsrail KİV-ləri əmrin özünə istinad etmirlər.
Bir sıra İsrail mediası məsələyə aydınlıq gətirmək üçün İsrail ordusunun mətbuat xidməti ilə əlaqə saxlasa da, dəqiq cavab ala bilməyib.
İsrail ordusunun mətbuat xidməti Vesty.co.il saytının sorğusuna lakonik cavab verib: “İsrail ordusu vəziyyəti daim qiymətləndirir və İsrail ordusu hərbçilərinin girişinə icazə verilən ölkələr haqqında məlumatları yeniləyir”. Yəni qurum “11KAN” telekanalının məlumatını nə təsdiq, nə də təkzib edib.
Azərbaycanın Turan informasiya agentliyinin sorğusuna cavab olaraq İsrailin Azərbaycandakı səfirliyi məsələ ilə bağlı şərhlərinin olmadığını bildirib. Rəsmi Bakı da hələlik İsrail saytında yayılan məlumatı şərh etməyib.
Azərbaycandan bəyanat
Bu arada Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd olunur:
“Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar”.
Bəyanatda “Iran International”, həmçinin “The Telegraph” və “11KAN” xüsusi qeyd olunub.
“Vurğulayırıq ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq”, — bəyanatda deyilir.
Maraqlıdır ki, Britaniyanın “The Telegraph” nəşri öz mənbələrinə istinadən yazıb ki, “İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalları mülki əhali arasında qurbanlara yol verməmək üçün hərbi bazalara xüsusi diqqət yetirməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa hücumlar təşkil etməkdə israrlıdırlar. Bununla belə, yeni seçilmiş prezident Məsud Pezeşkian İsrailin qonşu ölkələrdəki gizli bazalarına zərbələr endirməyi təklif edib”.
Bu arada ABŞ İsrailin bu həftə İranın hücumuna məruz qala biləcəyini bildirib.
Azərbaycan başqa dövlətlər üçün mübarizə və müharibə meydanı deyil”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edir ki, Yaxın Şərqdə artan gərginlik Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirsiz ötüşə bilməzdi:
“İran Prezidenti İsrailin yaxın qonşularda mövqelərinə zərbə endirməyi təklif edərkən, Azərbaycanın adı çəkilib, yəni İsrailin ölkəmizdəki səfirliyinə qarşı həmlə nəzərdə tutulub. Tehran belə bir planı həyata keçirmək istəyərsə, bu avtomatik Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Azərbaycan başqa dövlətlərin mübarizə və müharibə meydanı deyil.
Bu mövzu ətrafında müzakirələr davam edərkən İsrailin “Kan” dövlət teleradio şirkəti İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etməsi xəbərini yayıb. Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar.
Bu da təxribatdır. Azərbaycanda İsrailə məxsus hərbi birlik və ya hərbçilər yoxdur. İsrailin dövlət televiziyası bu təxribatçı xəbərlə İrandakı anti-Azərbaycan mövqeyində dayanan mühafizəkar dairələrin və SEPAH generallarının əlinə oynayıb. Çünki məhz onlar illərdir İsrailin Azərbaycanda hərbi varlığı haqqında əfsanələr yayırlar. İndi də deyəcəklər ki, “gördünüz bunu İsrail də təsdiq edib”.
Yaxın Şərqdəki gərginlikdə və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi alovun içinə atmaq istəyirlər. Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyin əhəmiyyəti bir daha görsənir”.
“İsrailin Azərbaycanda hərbi baza saxlamağa ehtiyacı yoxdur”
Siyasi şərhçi Xaləddin İbrahimli Turan-a müsahibəsində qeyd edib ki, İran ilk dəfə deyil, Azərbaycanı sionistləri dəstəkləməkdə və onların öz ərazisində mövcud olmasına icazə verməkdə ittiham edir. Lakin bu bəyanatı yeni seçilmiş prezident, türk əsilli Məsud Pezeşkiyanın səsləndirməsi onu molla rejiminin türkləri hakimiyyət ətrafında birləşdirmək üçün hakimiyyətə gətirdiyini deməyə əsas verir.
“Görünür, Rəhbər (Əli Xamneyi) kimi bir türk kifayət deyildi ki, prezidentin timsalında da başqa bir türkə ehtiyac olub”, – İbrahimli vurğulayıb.
Onun fikrincə, İranda türk xalqı arasından prezidentin seçilməsi çox uzaq hədəfləri olan layihənin bir hissəsidir və İranın Azərbaycana münasibəti daha da radikallaşa bilər. Tehran çox güman ki, Pezeşkianın prezident seçilməsinin türklər və İran hərbçilərinin mənfi reaksiyasına səbəb olmayacağını güman edib.
İbrahimli onu da diqqətə çatdırıb ki, Pezeşkian “The Telegraph”da dərc olunan xəbəri hələ də təkzib etməyib.
“Pezeşkian “qonşu ölkələrdəki İsrailin məxfi bazalarına” zərbə endirmə ehtimalı ilə bağlı iddianı təkzib etməyənə qədər, İranın Azərbaycana qarşı aqressiv planları versiyası aktuallığını qoruyacaq”, – deyə o əlavə edib.
Azərbaycanla İsrail arasında əməkdaşlıq imkanlarına gəlincə, İbrahimli Azərbaycan ərazisində İsrail hərbi bazalarının mövcudluğuna şübhə ilə yanaşıb.
“İstənilən obyektiv təhlil göstərir ki, İsrailin Azərbaycanda hərbi baza saxlamağa ehtiyacı yoxdur, çünki İsrailin göründüyü kimi İranla ciddi problemləri mövcud deyil”, – ekspert fikrini yekunlaşdırıb.