Azərbaycan Dövlət təhlükəsizlik xidməti terrorçu qrupun ləğv edildiyini bildirdi
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Dövlət təhlükəsizlik xidmətinin yanvarın 31-də Bakıda keçirdiyi xüsusi əməliyyat nəticəsində qurumun mətbuat xidmətinin bildirdiyi kimi, “Azərbaycan ərazisində partlayışlar hazıryan terrorçu qrupun dörd üzvü məhv edilib”.
DTX-nin mətbuat xidmətinin bəyanatına əsasən terrorçular DTX əməkdaşlarına tapança və avtomatlarla silahlı müqavimət göstərdikdən sonra öldürülüb.
Qurumun yaydığı məlumatda bildirilir ki, “Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib”.
DTX Mətbuat xidməti xüsusi əməliyyat zamanı öldürülən şəxslərin adlarını açıqlayıb.
Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilmiş, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
DTX-nin açıqlamasında deyilir ki hal-hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Dövlət təhlükəsizlik xidməti 2015-ci il dekabrın 14-də keçmiş Milli təhlükəsizlik nazirliyi ləğv edildikdən sonra yaradılıb.