Aprelin 3-dən Almaniya, Belçika, Hollandiya, Lüksenburq, Avstriya və İsveçə viza almaq üçün müraciətləri VizaMetric şirkətinin qəbul edəcəyi haqda xəbər Ermənistanda narazılıq doğurub. Daha əvvəl bu funksiyanı Almaniya səfirliyi həyata keçirirdi.
VisaMetric – “holdinq təşkilatı Türkiyədə yerləşən” Rusiya-Türkiyə konsorsiumudur. Bu xəbəri Almaniyanın Ermənistandakı səfiri Matias Kissler də təsdiq edib. O deyib:
“Bu təşkilat… elan olunmuş müsabiqədə iştirak edib və bir sıra ölkədə, o cümlədən də Orta Asiyada tenderi udub… Müsabiqənin nəticələri nəzərdən keçirilərkən şirkətin hansı ölkədə yerləşdiyinə önəm verilməyib”.
Matias Kissler əmin edib ki, viza almaq üçün müraciətlər haqda qərarlar bundan sonra da Almaniyanın Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən qəbul ediləcək.
Ölkə sakinləri viza almaq üçün lazım olan şəxsi məlumatların Ermənistanla diplomatik əlaqələri olmayan bir ölkəyə – Türkiyəyə təqdim olunmasından narahatdır. Ekspertlər də onların narahatlığını bölüşür.
“Ölkə sakinlərinin şəxsi məlumatlarının digər ölkənin əlindən keçməsi çox təhlükəlidir. Nəzəri cəhətdən heç kim istisna edə bilməz ki, Türkiyə vətəndaşlarımızın şəxsi məlumatlarından marşrutlarını və konkret səfər tarixlərini hansısa insanlara qarşı istifadə etməyəcək, məsələn, Türkiyə xüsusi xidmət orqanları həmin ölkədə bu insanı öz kəşfiyyatlarına cəlb etmək üçün ona qarşı əməliyyat planlaşdıra, ona qarşı sui-qəsd təşkil edə bilər.
Üstəlik Türkiyə həmin Almaniyada ən böyük icmaya sahibdir. Hələ Türkiyənin bu məlumatları Azərbaycana ötürə biləcəyindən danışmıram”, – politoloq Qrant Melik-Şahnazaryan deyib.
Media eksperti Samvel Martirosyan hesab edir ki, bu durumda Ermənistan bu şirkətin insanların şəxsi məlumatlarını Türkiyəyə ötürüb-ötürmədiyini heç vaxt bilməyəcək. Onun sözlərinə görə, nəzəri cəhətdən mümkün olan belə bir şeyin realda baş verməyəcəyinin zəmanəti yoxdur. Baxmayaraq ki, Matias Kissler belə bir bəyanatla çıxış edib:
“Şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlığa cavab olaraq onu dəyə bilərəm ki, onların qorunması bizim üçün həddən artıq vacibdir və biz zəmanət verə bilərik ki, heç bir məlumat xarici istifadəçilərin əlinə keçməyəcək. Ofisə Ermənistan nümayəndəsi rəhbərlik edəcək, şirkətin əməkdaş ştatına da yalnız Ermənistan vətəndaşları daxil olacaq”.