Avropa Məhkəməsi saxlanılan şəxsin ölümünə görə Azərbaycanı 37 min avro cərimələyib
Avropa İnsan Haqları Məhkəməsi “Şuriyə Zeynalov Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb və Azərbaycan hökumətini 37 min avro məbləğində cərimələyib. Zeynalov hökuməti oğlu Turac Zeynalovun ölümündə günahlandırıb.
72 yaşlı Şuriyə Zeynalovun sözlərinə görə, 2011-ci ildə onun 31 yaşlı oğlu Turac Zeynalov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyində işgəncə nəticəsində vəfat edib.
• Rusiyanın təbliğat desantı Belarusu ələ keçirib
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın dövlət strukturlarının öz əməlləri ilə İnsan Haqları və Fundamental Azadlıqlar haqda Konvensiyanın yaşamaq hüququ və işgəncəyə məruz qalma ilə bağlı iki maddəsini pozduğunu təsdit edib.
2011-ci ildə nələr baş verib?
Turac Zeynalov Naxçıvanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən İranın xeyrinə casusluq ittihamı ilə saxlanılıb. 2011-ci il avqustun 28-də saxlanılan şəxsin vəziyyəti qəfil pisləşib və Zeynalovu xəstəxanaya yerləşdirmək qərara alınıb, amma o, xəstəxanaya çatmadan təcili yardım maşınında keçinib.
Hadisədən sonra Azərbaycan mediasında Turac Zeynalovun işgəncə nəticəsində öldüyünü təsdiqləyən foto və videolar yayılıb. Hazırda bu foto və videolar şəbəkədən silinib.
İstintaqın versiyasına görə, saxlanılan şəxs onkoloji xəstəlikdən vəfat edib, amma Zeynalovun atası oğlunun qəsdən öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə mərhumun valideynlərinin şikayətini qəbul etməyib. 2012-ci ildə Zeynalovun ailəsi Naxçıvan MR parlamentinə respublikanın məhkəmə orqanlarından şikayət ünvanlayıb, amma onlara heç bir cavab verilməyib.
Bu hadisələrin fonunda Zeynalovun ailəsi xüsusi xidmət orqanları tərəfindən təqibə məruz qalıb.