Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı növbəti qərarlar elan edilib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb, Azərbaycan hökumətinin üzərinə iddiaçılara ümumilikdə 118 min avrodan artıq təzminatın ödənilməsi öhdəliyini qoyub.
Azərbaycanlı jurnalist Mehman Əliyev, Samir İsmayılov və Emin Hüseynov Azərbaycan hökumətinə qarşı iddia irəli sürərək, bildiriblər ki, onların 2009-cu ildə təsis etdikləri “Media Monitorinq Institutu” Ədliyyə Nazirliyi tərəfndən qeydiyyata alınmayıb.
Bundan sonra onlar yerli məhkəməyə müraciət ediblər və bütün instansiyalarda nazirliyin qərarı dəyişilməz olaraq saxlanılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi bu işlə əlaqədar hesab edib ki, ərizəçilərə münasibətdə birləşmək azadlığı hüququ pozulub. 12 ərizəçinin hər birinə 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro ödənilməlidir.
Başqa sözlə, bu işlə bağlı Azərbaycan hökuməti 60 min avro cərimələnib.
Birləşmək hüququnun daha bir pozuntusu
“Elçin Abdullayev və başqaları Azərbaycana qarşı” işində də məhkəmə ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verib.
Həmin qərara əsasən, Azərbaycan hökuməti 13 ərizəçidən birinə 360 avro, dördünün hər birinə 540 avro, bir ərizəçiyə 1000 avro, ikisinin hər birinə 1080 avro, üçünün hər birinə 1620 avro, bir ərizəçiyə 2160 avro, iki ərizəçinin hər birinə 2430 avro, bir ərizəçiyə 4500 avro, bir ərizəçiyə 6000 avro təzminat ödəməlidr.
Bu işlə bağlı ödəniləcək təzminatların ümumi həcmi 28.060 avro təşkil edir.
Sözügedən işdə iddiaçılar – Abdullayev və Nurməmmədov bildiriblər ki, təsisçiləri olduqları “HİV/AİDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi”nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə qanuna müvafiq şəkildə müraciət etsələr də, onlara qeydiyyatda imtina olunub.
Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıb.
Lapşinə 30 min avro ödəniləcək
Bloqer Aleksandr Lapşinin Azərbaycana qarşı qaldırdığı iddia da təmin edilib. Avropa Məhkəməsi qərara alıb ki, ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) yol verilib.
Azərbaycan hökuməti A.Lapşinə 30 min avro təzminat ödəməlidir.
İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan Aleksandr Lapşin Dağlıq Qarabağa Azərbaycandan icazə almadan daxil olduğuna görə saxlanılmışdı. Bundan sonra o, həbs edilib və bir müddətdən sonra azadlığa buraxılmışdı.