Avropa İttifaqının nümayəndəsi Cənubi Osetiyanın yeni seçilmiş prezidentini təbrik edib. Tbilisi Brüsseldən açıqlama gözləyir
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber “başqa şəxslə əvəz olunmalıdır” – bunu hökumətin iclasının sonunda avropalı diplomatın qalmaqallı bəyanatını şərh edən hökumətin yeganə nümayəndəsi, mədəniyyət naziri Mixail Qiorqadze bildirib. Daha səlahiyyətli vəzifəli şəxslər bu məsələni heç cür şərh etmirlər. Tbilisidə Zalberin fəaliyyətindən narazılığın səbəbi onun mayın 16-da Cənubi Osetiyaya səfəri zamanı verdiyi bəyanat oldu.
Zalber Cənubi Osetiyanın yeni seçilmiş prezidentini seçkilərdə qələbə ilə təbrik etdi.
“İlk növbədə sizi seçkilərin nəticələri və çox vacib bir vəzifədə işə başlamanız münasibətilə təbrik etmək istəyirəm”, – Zalber Anatoli Bibilova bu sözlərlə müraciət etdi.
Gürcüstanın mədəniyyət naziri jurnalistlərə bildirdi ki, bu Gürcüstan tərəfi üçün tamamilə yolverilməzdir, ölkə artıq Aİ-yə müraciət edib və bunun məntiqi davamı Zalberin başqa namizədlə əvəz olunmasıdır.
Bu məsələ ilə bağlı Aİ-nin Gürcüstandakı nümayəndəsi Yanoş Herman Gürcüstanın Xarici İşlər Nazirliyinə dəvət edilib. Hermanla görüşdən sonra xarici işlər nazirinin müavini David Dondua bildirib ki, Aİ tərəfindən dəfələrlə Gürcüstanı dəstəkləyən bəyanatlar verilib, amma bu dəfə Tbilisi Brüsseldən açıqlama gözləyir.
“Aİ-nin xüsusi nümayəndəsi və Cenevrə diskussiyalarının həmsədrindən eşitdiklərimiz, yumşaq tərzdə desək, yolverilməz və anlaşılmazdır. Bu, beynəlxalq hüquq prinsiplərinə ziddir və həm Gürcüstanın, həm də beynəlxalq ictimaiyyətin münaqişənin sülh yoluyla həlli səylərinə kömək etmir. Biz Aİ rəhbərliyi ilə əlaqə saxlayırıq və ümid edirik ki, Brüssel müvafiq şəkildə reaksiya verəcək”, – deyə Dondua bildirb.
Yanoş Herman öz növbəsində bildirib ki, Avropa İttifaqı Cənubi Osetiyadakı seçkiləri tanımır.
“Bizin tanıdığımız və dəstəklədiyimiz Gürcüstanın ərazi bütövlüyü və suverenliyidir. Biz nazir müavini ilə bu sahədə əməkdaşlıq barədə danışmışıq”, – Yanoş Herman deyib.
Aİ nümayəndəsinin Cənubi Osetiyaya səfərinin səbəbi barədə suala cavab olaraq Herman deyib ki, o, Aİ-nin mövqeyini səsləndirib, “cənab Zalber isə özü izahat verər”.
Zalberin Sxinvaliyə səfəri Cenevrə diskussiyalarının növbəti, 40-cı raundunun hazırlanması ilə bağlı olub. Mayın 17-də o həm də Abxaziyada olub. Cenevrə diskussiyalarının həmsədrləri Qalidə, işğal xəttində üç nəzarət-keçid məntəqəsinin bağlanışında olublar. Burada onlar Qal rayon administrasiyasının rəhbəri Temur Nadaraia və Abxaziya hökumətinin xarici işlər naziri Daur Kove ilə görüşüblər.
- Cənubi Osetiyada aprelin 9-da keçirilən prezident seçkilərində bu vəzifədə Leonid Tibilovu əvəz edən Anatoli Bibilov qalib gəlib.
- Cenevrə diskussiyaları formatı Gürcüstanla Rusiya arasında 2008-ci ildə atəşkəs haqqında müqaviləyə əsasən yaradılıb. Danışıqların birinci raundu 2008-ci ilin oktyabr ayında baş tutub. Bu günə qədər danışıqların 39 raundu olub. Növbəti raund 20-21 iyuna təyin edilib. Diskussiyaların həmsədrləri Aİ, BMT, ATƏT və ABŞ-ın nümayəndələridir, danışıqlarda Gürcüstan və Rusiyanın nümayəndə heyətləri, həm də Suxumi və Sxinvalinin nümayəndələri iştirak edir. Gürcüstan hökuməti Cenevrə danışıqlarını atəşkəs haqqında müqaviləyə riayət olunmasının təmin edilməsi üçün yeganə format olaraq nəzərdən keçirir.