ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ üzrə növbəti bəyanatı
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hogland (Birləşmiş Ştatlar) Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ayrı-ayrılıqda və birlikdə görüşlər keçiriblər.
Münhendə 53-cü Təhlükəsizlik konfransı dövründə keçirilən görüşlərdə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.
Həmsədrlərin görüşlərində təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca hazırkı vəziyyət müzakirə edilib. Minsk qrupunun bəyanatında deyilir ki, həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını bir daha xatırladıblar və tərəflərə 1994/1995-ci ilin atəşkəs razılaşmalarına əməl etməyi tövsiyə ediblər.
Həmsədrlər habelə bu yaxınlarda Ermənistan tərəfinin həlak olmuş Azərbaycan əsgərinin meyitini qaytarmasını xoş məram jesti kimi təqdir ediblər.
Həmsədrlər Dağlıq Qarabağda 2017-ci il, fevralın 20-də konstitusuya referendumu adlanan səsvermənin keçiriləcəyindən xəbərdar olduqlarını da bildiriblər. Bəyanatda deyilir ki, “həmsədrlər Dağlıq Qarabağın de facto hakimiyyətinin belə bir prosedurdan istifadəyə ictimai həyatın təşkil edilməsi cəhdi kimi baxdığını qeyd etsələr də, onlar bir daha vurğulayıblar ki, Dağlıq Qarabağı Ermənistan və Azərbaycan da daxil heç bir ölkə müstəqil və suveren dövlət kimi tanımır. Buna müvafiq olaraq həmsədrlər fevralın 20-də keçiriləcək referendumun nəticələrinin Dağlıq Qarabağın statusuna təsir edəcəyini qəbul etmirlər” – deyilir bəyanatda.
Həmsədrlər həmçinin qeyd edirlər ki, referendum nəticələrinin Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə və ya Dağlıq Qarabağ münaqişəsini həll etməli olan danışıqların nəticələrinə heç bir şəkildə təsiri olmayacaqdır.
Həmsədrlər regiona mart ayında səfər etməyi planlaşdırırlar.