İnsanlar fasiləsiz atəş altında necə yaşayır? Stepanakertdən hekayə və fotolar
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı bütün tərəflərdən xəbərlər və reportajlar. Döyüşlərin 12-ci günü
“Reuters”in bu fotoları Qarabağın paytaxtı Stepanakertdə çəkilib. Yerli sakin Nune Martirosyan isə JAMnews-a müharibə şəraitində öz həyatı haqda danışıb..

•Qarabağ müharibəsi Bakı və Yerevanın mərkəzində bilbordlarda. Video
•Müharibə görüntüləri – Qarabağda döyüş bölgəsinin hər iki tərəfində şəhər və kəndlərdən fotolar
47 yaşlı Nune Texnoloji Universitetdə dərs deyir, amma müharibə başlayandan işə getmir. Günün böyük hissəsini zirzəmidə keçirməli olur. Hələ 2016-cl ilin “aprel müharibəsindən”, Dağlıq Qarabağ ətrafında ötən eskalasiyadan sonra ailəsi evin zirzəmisini sığınacaq kimi hazırlayıb.

“Bombardmanın ilk iki-üç günü zirzəmidə 20 nəfərdən çox idik, o cümlədən də uşaqlar. Amma sonra uşaqları daha təhlükəsiz yerlərə apardıq və indi burada 8-10 nəfər toplaşırıq.
Sığınacaqların olmadığı rayonlarda yaşayan dostlarımız da bizimlə burada atəşdən xilas olurlar. Uzun müddət burada, zirzəmidə qalmalı oluruq. Nəsə gətirmək lazım olanda evə qalxırıq”.

“Şəhərdə mağazalar işləmir, hərə evindən öz ehtiyatlarını gətirir. Bir də meriya bizə ərzaq yardımı edir.
Son üç gündə atəş intensivləşib. Bizim ordumuz cəbhədə uğur qazanan kimi Stepanakertin atəşə tutulması güclənir, xüsusən gündüz vaxtı. Ötən gün isə anamın yaşadığı evi atəşə tutdular”.

“Amma mən şəhərdən getmək niyyətində deyiləm, baxmayaraq ki, belə imkan var. Uşaqları evakuasiya etmək lazım idi, bu normaldır, onlar təhlükəsizlikdə olmalıdırlar. Biz isə qalmalıyıq.
Bütün rəfiqələrim belə hesab edir. Bizim ərlərimiz və oğlanlarımız hiss etməlidirlər ki, onları arxa cəbhədə gözləyən var, onlar bilməlidirlər ki, kimi müdafiə edirlər”.
