Aparıcı Saakaşvili
ZIK – Saakaşvilinin verilişi yaxın günlərdə bu kanalda yayımlanacaq. Yeni tok-şou “Başqa ölkə” adlanır və bu verilişdə Gürcüstanın sabiq prezidenti, həmçinin Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili kəskin suallar qoyacaq və müxtəlif problemlərə toxunacaq.
İlk veriliş artıq çəkilib. Bu haqda Mixail Saakaşvili öz Facebook səhifəsində yazıb:
“ZİK-dakı ilk proqram çox kəskin alınıb. Hər həftə sizlərə heç bir başqa kanalda rastlaşa bilməyəcəyiniz Ukraynanı göstərəcəm”, – o yazıb.
Saakaşvili həmçinin verilişin çəkilməlsi prosesini əks etdirən şəkillər də qoyub. Fotolardan birində o, it damının yanında dayanıb.
Bu dekorasiya təsadüfi deyil və Ukraynanın prezidenti Pyotr Poroşenkonun son bəyanatlarından biri ilə əlaqəlidir. O deyib ki, hakimiyyət islahatlar həyata keçirməyə cəhd etdiyi bir vaxtda onun opponentləri ölkədəki sabitliyin pozulması ilə məşğuldur, çünki əllərindən başqa heç nə gəlmir və “ömürlərində bircə dəfə də olsun hətta bir it damı da tikməyiblər”.
Siyasi tok-şounun efirə həftədə bir dəfə çıxacağı artıq məlumdur. Siyasətçilərin və ekspertlərin iştirakı ilə studiya formatından savayı, verilişə regionlardan da bağlantılar olacaq ki, bu zaman sıravi vətəndaşlar öz mühüm problemlərindən söhbət aça biləcək.
“Bu, Mixail Saakaşvilinin Ukrayna informasiya məkanına çaxnaşma sala bilməsi üçün yeganə şansdır”.
“O, Poroşenkonun əsəblərinə bacardıqca çox toxunmağa və prezidenti yeni səhvlər buraxmağa təhrik etməyə çalışacaq – axı artıq Saakaşvilinin adı çəkilən kimi Poroşenko əsəblərini cilovlamaq üçün zorlanır”, – sosial şəbəkələrin Ukrayna seqmentində yazırlar.
Niyə ZIK?
ZIK – “Qərbi informasiya korporasiyası” “Karpatı” futbol klubunun fəxri prezidenti, lvovlu biznesmen Pyotr Diminskiyə məxsusdur.
Telekanal Lvovun meri, “Özünəyardım” partiyasının lideri Andrey Sadovıya tənqidi münasibəti ilə tanınıb. 2015-ci ildə seçkilərdən az öncə Sadovıy hətta “ona qarşı uydurulmuş həcvə” görə teleşirkətə qarşı iddia qaldırmağa hazırlaşırdı.
2010-cu ildə təsis edilmiş ZIK teleşirkəti ümummilli yayım sırasına daxil deyil, hərçənd bununla belə kabel televiziyanın 150 operatoru sayəsində Ukraynanın bütün ərazisində yayımlanır. Teleşirkətin fəaliyyəti əsasən jurnalist araşdırmalarından ibarətdir, onun simalarından biri isə gürcü əsilli ukraynalı jurnalist David Kipianidir.
ZIK Ukraynanın ən məşhur telekanal onlıuğuna daxil deyil, o, prezident Poroşenko və ətrafı tərəfindən nəzarət edilməyən azsaylı kanallardandır.
Ehtimal olunur ki, Saakaşvilinin seçimi məhz bununla izah edilə bilər, çünki məşhur ümummilli kanallar tamamilə prezident Poroşenkonun nəzarəti altındadır və onlar müxalifətçi Saakaşvili üçün bloklanıb. Parlament seçkilərinin yaxınlaşması ilə media-məkanın nəzarəti bir az da sərtləşib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında qubernator vəzifəsini tərk edən Saakaşvili “Rux – yeni qüvvələr” adlı yeni siyasi partiya təsis edib. Orda daha bir gürcü siyasətçi, Ukraynanın baş prokurorunun sabiq müavini David Sakvarelidze iştirak edir. Saakaşvilinin rəhbərlik etdiyi siyasi hərəkatın əsas vəzifəsi Ukrayna parlamentinə vaxtından əvvəl seçkilərə nail olmaqdır.
Saakaşvilinin reqtinqi
Ukraynada əgər parlament seçkiləri 2016-cı il dekabrın əvvəli keçirilsəydi, Saakaşvilinin “Rux – yeni qüvvələr” partiyası zəruri minimal 5 faizlik baryeri aşa bilməzdi və nəticədə onu Ali Radada görmək mümkün olmazdı. Kiyev Beynəlxalq Sosioloji İnstitutunun araşdırmalarına görə, o zaman bu partiyanın reytinqi 4,1% olub.
Ötən ilin sonunda Olqa Kuçeriva adına “Demokratik təşəbbüs” fondu ilin siyasətçisi ilə bağlı araşdırma aparıb. Mixail Saakaşvili 4,5% toplamaqla bu reytinqdə altıncı yeri tutub. Ön sıralarda Pyotr Poroşenko (9,5%), baş nazir Vladimir Qroysman (8%), müxalifətçi siyasətçilər Nadejda Savçenko (7%), “Radikal partiya”nın lideri Oleq Lyaşko (6%) və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko (5%) olub.
Hərçənd ukraynalı ekspertlər ehtimal edirlər ki, Saakaşvilinin reytinqi sorğuların keçirdiyi zamanla müqayisədə xeyli arta bilər.
Ali Radaya seçkilər 2018- ci ildə baş tutmalıdır. Saakaşvilinin yeni partiyası məhz Ali Radanın tərkibinə daxil olmağa hazırlaşır. Saakaşvili prezident seçkilərində iştirak edə bilməz, çünki Ukrayna Konstitusiyasına görə, məlum seçkilrədə iştirak etmək üçün namizəd Ukraynada ən azı 10 il yaşamalıdır. Saakaşvili 2015-ci ilin mayında Odessa vilayətinin qubernatoru vəzifəsinə keçməyə razılıq verəndə Ukrayna vətəndaşlığı alıb.
Odessada olan cənab Saakaşvili kimdir? Jamnew-un Gürcüstanın sabiq prezidentinin il yarım əvvəl Ukraynada necə islahatlar aparması barədə ətraflı hekayəti