Almaniyadan deportasiya edilən daha bir müxalifətçi Azərbaycanda mühakimə olunub
Almaniyadan deportasiyadan sonra həbs
Almaniyadan vətəninə deportasiya edilən yeddinci azərbaycanlı müxalifətçi mühakimə olunub. Cəfər Mirzəyev də müxalif fikirləri ilə tanınan digər dörd Azərbaycan vətəndaşı kimi, cinayət məcəlləsinin eyni maddəsi – narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham olunaraq həbs edilib.
- Əliyev rejimini tənqid edən azərbaycanlı jurnalistin Gürcüstana girişi qadağan edilib
- Ermənistandan Xankəndiyə alternativ yol varmı? Bakıdan şərh
- Yoxsulluq
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən müxalifətçi Cəfər Mirzəyevə hökm oxunub.
Bundan əvvəl prokuror məhkəmədən onun 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Vəkil Nemət Kərimli yekun çıxışında fəalın əsassız həbs edildiyini və məhkəmədə Mirzəyevin günahının sübuta yetirilmədiyini bildirərək ona bəraət verilməsini istəyib.
“Turan” agentliyi xəbər verir ki, Mirzəyev özü də ittihamı rədd edərək bunu siyasi motivli adlandırıb.
Eyni maddə ilə beşinci həbs
Cəfər Mirzəyev 2022-ci ilin payızında Almaniyadan qovulduqdan sonra həbs edilən və narkotik alverində ittiham olunan beş fəaldan biridir. Daha iki fəal başqa ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onların hər birini siyasi məhbus kimi tanıyıb.
Hüquq müdafiəçilərinin fikrincə, bu həbslərin əsl səbəbi siyasi mühacirlərin Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə Avropada keçirilən etiraz aksiyalarında iştirak etməsi olub.
Mirzəyev 2021-ci il noyabrın 25-də Almaniyadan qovulub və yanvarın 27-də Bakıda həbs edilib.
Almaniya Azərbaycan vətəndaşlarını niyə Azərbaycana qaytarır?
2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında qanunsuz yaşayan şəxslərin readmissyası (qaytarılması) haqqında saziş imzalanıb.
Bu sazişə əsasən, sənəddə göstərilmiş ölkələrə daxil olmaq, qalmaq və yaşamaq tələblərinə uyğun gəlməyən şəxslər readmissiyaya məruz qalır. Saziş bu şəxslərin identifikasiyası və təhlükəsiz şəkildə vətənə qaytarılmasını nəzərdə tutur.
Azərbaycanın Miqrasiya Xidmətinin məlumatına görə, ancaq 2021-ci ildə Azərbaycana 420 nəfər qaytarılıb. Onlardan 39 nəfəri Almaniyadan deportasiya olunanlardır. Bu arada həmin 2021-ci ildə readmissiya üçün 440 sorğu göndərilib.
2021-ci ildə Aİ ölkələrindən deportasiya olunanların sayı 2020-ci illə müqayisədə 2,9 faiz çox olub.
Readmissiya sazişi qüvvəyə minəndən Avropa İttifaqı ölkələrindən Azərbaycana 2013 nəfər deportasiya olunub. 4160 nəfərin readmissiyası ilə bağlı sorğuya müsbət cavab alınıb. Daha 2147 nəfərin deportasiyası nəzərdə tutulur.
Almaniya və Azərbaycan hökumətləri arasında sövdələşmə?
Hazırda Almaniyada olan azərbaycanlı siyasi mühacirlər hesab edirlər ki, bütün bu “deportasiya-həbs” halları Almaniya və Azərbaycan hökumətləri arasındakı sövdələşmənin nəticəsidir.
“Almaniya höküməti azərbaycanlı siyasi mühacirləri Əliyevə hədiyyə verməkdə davam edir. Bakıdan göndərilən siyahı əsasında deportlar həyata keçirilir. Bundan əvvəl Bakıya qayıdan 5 siyasi mühacirin artıq həbs edilməsinə baxmayaraq, bu gecə yenə siyasi mühacirləri deport ediblər. Almaniyanın indiki höküməti rüşvət qarşılığında hər birimizi satmağa hazırdır. Beynəlxalq təşkilatlar da israrla susur”, – Əfqan Muxtarlı bildirib.