Abxaziyada siyasətçilər üçün pensiyaların qaldırılması ətrafında qalmaqal
Abxaziyanın İctimai Palata Şurası prezident Raul Xadjimbaya tarixi birinci çağırışdan olan parlament deputatlarına 50 min rubl [təxminən $900] həcmində fərdi pensiyalar verilməsi xahişilə müraciət edib.
Adi, yaşa görə pensiya Abxaziyada 500 rubl [təxminən $9] təşkil edir.
Abxaziya xalqının Vətən müharibəsi əlilləri 10, 000 rubl [təxminən $180], “Abxaziya qəhrəmanı” statusu olanlar isə 6,500 rubl [təxminən $115] pensiya alır.
Fərdi pensiya almaq üçün təqdim olunan soyadlar siyahısında çox sayda nüfuzlu siyasi fiqur, o cümlədən də fəaliyyətdə olan prezident var. Siyahıya keçmiş prezident Aleksandr Ankvab, keçmiş xarici işlər naziri Sergey Şamba, indiki parlament spikeri Valeri Kvarçiya və iki keçmiş spiker Sokrat Cincoliya və Valeri Bqanbanın da adları daxil edilib.
Ümumilikdə bu, 18 keçmiş deputatdır, fərdi pensiyalar haqqında qərar qəbul olunduğu halda bu, büdcəyə ayda 900,000 rubla [təxminən $16,000] başa gələcək.
İctimai Palatanın bu təşəbbüsü cəmiyyətdə çox neqativ qarşılandı, baxmayaraq ki, 1991-ci ildən 1996-cı ilə qədər fəaliyyətdə olan birinci parlament tərkibini artıq çoxdandır ki, xalq arasında “qızıl tərkib” adlandırırlar.
Sosial şəbəkələr narazı şərhlərlə doludur. Bir neçə misal gətiririk:
“Dövlət büdcəsi fırtınadan sonra olduğu kimi, dəlmə-deşik bir gündə olduğu halda Palata kifayət qədər imkanlı adamların fərdi pensiyalarına ayda 900 min rubl xərcləməyi mümkün sayır. Axı onların dolanışığı ağır deyil. Ayıbdır”.
“Elə bir təəssürat yaranır ki, bu, sadəcə təxribatdır. Məgər müəlliflər düşünmədilər ki, siyasi oriyentasiyasından asılı olmayaraq, xalqın reaksiyası necə olacaq? Ötən parlament artıq özünü kifayət qədər yaxşı təqaüdlərlə təmin etdi. Bu da azdır? Lap “vəba zamanı qonaqlıq”, ya da sümüklər üzərində rəqsə bənzədi”.
“İndi bu parlament ikiqat qızıl adlandırılacaq. Bu pula müharibə əlillərinə nə qədər dərman olmaq və ya onları müalicəyə göndərmək olar?”
“Bu cür maaş heç prezidentdə də yoxdur. Siyahıda əlbəttə, əməkdar insanlar var, amma pensiya fondu üçün məbləğ çox böyükdür”.
“Onlar öz vətəndaşlarının həyatlarını elə yaxşılaşdırıblar ki, qocaların 500 rubl aldığı bir halda onlara 50 min pensiya verilməlidir? Çox sevirlər özlərini deputatlar”.
“Qızıl” parlament deputatlarının özləri arasında bu təşəbbüsə hələlik ancaq iki nəfər – keçmiş prezident, hazırda da aparıcı müxalifətçi olan Aleksanrd Ankvab və Raul Xadjimbanın indiki müşaviri Vladimir Zantariya reaksiya verib.
Aleksandr Ankvab deyib ki, birinci parlament deputatlarının xidmətləri “göz qarşısında” olsa da, indiki sosial-iqtisadi vəziyyət birinci çağırışdan olan Ali Şuranın bütün deputatlarına fərdi pensiyalar təyin etmək imkanı vermir. “Birinci çağırışdan olan həmkarlarımın bəziləri bu gün ağır şəraitdə yaşayır, sağlamlıqla bağlı problemləri olanlar var. Hesab edirəm ki, bu məsələləri fərdi qaydada, istisna hal kimi həll etmək lazımdır. Siyahı üzrə yox”, – Ankvab deyib.
Vladimir Zantariya fərdi pensiyalarla bağlı ideyanı “vaxtsız” adlandırıb.
İctimai Palatanın müraciət etdiyi Abxaziya prezidenti Raul Xadjimba isə bu məsələ ilə bağlı mövqeyini hələ ki, bildirməyib.