Abxaziya sahillərində balıq ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması səbəbilə hökumət balıq ovu kvotasını da iki dəfə azaldıb – bu il sahil sularında yalnız 20 min ton balıq tutmağa icazə var.
Ehtiyatların azalmasını Abxaziya Ekologiya İnstitutunun Rusiya Azov-Qara dəniz Balıq Təsərrüfatı İnstitutu ilə birlikdə apardığı analiz də təsdiqləyib.
Ehtiyatların azalması üzündən ötən il hökumətin müəyyən etdiyi 40 min tonluq kvotanın ancaq dörddə biri həyata keçirilib və cəmi 11 min ton balıq tutulub.
Abxaziya Kənd Təsərrüfatı Nazirliyinin Balıq Şöbəsinin rəisi David Qadliyanın sözlərinə görə, bu il kvota əsasən respublikanın hamsi tutaraq, balıq unu, balıq yağı emal etməklə məşğul olan altı müəssisəsi arasında bölüşdürüləcək, kvotanın 15 faizi isə Abxaziya-Rusiya razılaşmasına əsasən Rusiya sahibkarlarına qalacaq.
“Balıq mövsümü başladığı zaman nə qədər Azov hamsisinin bizim sulara gəldiyi məlum olacaq. Ekologiya İnstitutu tədqiqatlar aparır, biz də bizə verilən imkandan istifadə edirik, bu kəmiyyəti bölüşdürürük, mövcud ehtiyatı və ümumi mümkün ov qədərini biz aşa bilmərik”, – Qadliya deyib.
Amma əgər proqnozlara rəğmən balıq gözləniləndən çox olarsa, Abxaziya hökuməti ekoloqların razılığı ilə kvotanı artıra bilər.
Abxaziya sahillərindəki hazırkı hamsi ehtiyatları Ekologiya İnstitutu tərəfindən təxminən 80 min ton olaraq dəyərləndirilir.
Müəllifin təklif etdiyi termin, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. Təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərlındiriləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını JAMnews özündə saxlayır