Abxaziya himninin müəllifi pedofiliyada şübhəli bilinərək həbs edilib
Tanınmış abxaz bəstəkar, Abxaziya himninin müəllifi Valeri Çkadua pedofiliyada şübhəli bilinərək həbs olunub.
Səs-küylü işin təfərrüatları hələ ki, bəlli deyil. Suxum prokurorluğu sadəcə zərərçəkən azyaşlı qızın təhsil aldığı yardımçı məktəbin müəlliminin şikayəti əsasında cinayət işinin qaldırıldığı haqda məlumat verib.
Prokurorluq Suxum şəhər məhkəməsinə müraciət edərək, Çkadua haqqında istintaq müddətinə həbs qətimkan tədbirinin seçilməsini tələb etmək niyyətindədir. İş cinayət məcəlləsinin bilərəkdən azyaşlıya qarşı zorakı seksual xarakterli hərəkətlərin törədilməsini nəzərdə tutan maddə ilə açılıb.
Abxaz bəstəkar Valeri Çkadua Abxaziyanın dövlət himninin və “Ritsa” ilk abxaz baletinin musiqisinin müəllifi, Dmitri Qulia adına mükafatın laureatıdır.
Bu hadisə Abxaziya sosial şəbəkələrində qızğın müzakirə mövzusu olub. Xarakterik şərhlər:
“İki il əvvəl onu məsuliyyətə cəlb etmək istəmişdilər, amma hökumətdəki qohumluq əlaqələri sayəsində Abxaziyanı uzun müddətə tərk etmək şərti ilə azad olunmuşdu. Bu nəyi dəyişdi? Gördüyümüz kimi heç nəyi”.
“Sübut olunmayıb. Mümkündür ki, günahı da yoxdur. Prosedur artıq pozulub. Faktla bağlı araşdırma aparmaq lazımdır. Əgər bu hal təsdiqlənərsə və günahı sübut olunarsa, o zaman cəmiyyətin düşkünlük və əxlaqsızlıq yolu ilə getdiyinə dair növbəti nümunə ilə qarşı-qarşıya qalacağıq”.
“Biabırçılıqdır. Himn müəllifi pedofildir. İndi himni necə dinləyək?”
“Dünən bazarda idim, hamı ancaq bu haqda danışırdı. Özü də dedilər ki, bu ikinci hadisədir. Birincini ört-basdır ediblər. Dəli olublar”.