ABŞ-dan 42 könüllü Ermənistanın məktəb və universitetlərində dərs deyəcək
ABŞ-ın sülh korpusu bu gün Ermənistanda fəaliyyətinin 25 illiyini qeyd edib. Yeni könüllü qrupunun təntənəli andişmə mərasimi və Ermənistana gələn mininci könüllünün təntənəli qəbulu da keçirilib.
Bu il 42 amerikalı könüllü respublikanın müxtəlif vilayətlərinə – kənd icmaları və şəhərlərə yerli məktəb və universitetlərdə dərs demək, ictimai təşkilatlarda işləmək üçün yola düşəcəklər.
İş müddəti hələ başa çatmayan fəaliyyətdə olan könüllülər isə yeni gələnlərə və jurnalistlərə özlərinin Ermənistanda həyat və iş təcrübəsi barədə danışıblar.
28 yaşlı Dadzi Moreno danışıb ki, iki ildir Karakert kəndində yaşayır, burada yerli məktəbdə ingilis dərsini keçir.
O, özünün könüllü fəaliyyətini sentyabrda bitirəcək. “Məktəb, uşaqlar, burada yaşadığım ailə üçün çox darıxacam”, – Dadzi deyib.
Bu müddət ərzində o, başqa könüllülər kimi, erməni dilini öyrənib. Dadzi danışır ki, onun erməni ailəsində başqa dildə danışmırlar, nəticədə də o, erməni dilini yoldaşlarından daha tez və daha yaxşı öyrənib.
“Ermənistanı çox sevdim. Erməni ailələrinin bir-birinə bağlılığı çox xoşuma gəldi. Erməni yeməklərindən, rəqslərdən xoşum gəldi. Ən çox dolma xoşuma gəldi. Ötən il bir neçə günlük ABŞ-a gedəndə, ailəm üçün də dolma bişirdim”, – könüllü danışdı.
Sülh korpusunun ilk könüllüləri Ermənistana 1992-ci ildə gəlib. Bu dövr ərzində 1000 gənc Ermənistanda könüllü fəaliyyətini həyata keçirib, onlardan 110 nəfəri hələ də ölkənin müxtəlif vilayətlərində yaşayır və işləyirlər.
Abş-ın Ermənistandakı səfiri Riçard Mills jurnalistlərə bildirib ki, 25 il əvvəl o, ilk könüllü qrupunun Ermənistana gəlməsi üçün öz töhfəsini verib.
“Sülh korpusunun proqramına əsasən Ermənistana müxtəlif yaşda könüllülər gəlir, Ermənistanın həyat, mədəniyyət və özəllikləri ilə tanış olur, ABŞ-a qayıdandan sonra isə müəyyən insan mühiti, dairəsini formalaşdırırlar ki, onlar da Ermənistan-Amerika münasibətlərinin inkişafı mövqeyindən çıxış edir”, – deyə diplomat bildirib.