Azərbaycanda 10 yaşlı uşağın ətrafında qalmaqal
10 yaşlı Nuray Bayramovanı atası öz yanına aparmaq istəyir, mərhum anasının qohumları isə qızın onların yanında qalması üçün öz hüquqlarını tələb edirlər.
Məhkəmə icraatçılarının proses bitəndən sonra Nurayı atasına təhvil vermək üçün apardıqlarını əks etdirən video internetdə yayılandan sonra bu hadisə bütün ölkənin diqqətini cəlb edib. Qız getmək istəmir, xalasından bərk-bərk yapışaraq, isterika içində qışqırır.
Nurayın anası 2010-cu ildə xərçəngdən dünyasını dəyişib. Qızın atası Əvəz Bayramovla o, artıq üç iliydi ki, boşanmışdı. Nuray xalası Mehriban Eldarova ilə yaşayırdı, o da qızı qəyyumluğa götürüb.
Nuraya anasından mənzil miras qalıb, o da anasının qohumlarının qəyyumluğunda olub. Eldarovlar ananın müalicəsi və xəstəlikdən xilası cəhdlərinə xərclədikləri pulu qaytarmaq üçün mənzili satmaq istəyirdilər.
2011-ci ildə Bayramov qəyyumluq haqqında qərarı ləğv etmək və qızını özü böyütmək üçün məhkəməyə müraciət edir. Ta 2016-cı ilin axırlarına qədər Eldarovlar ailəsinin bir neçə apelyasiya şikayətinə baxılıb, bu heç bir nəticə verməyib.
Məhkəmənin son qərarı dəyişməz olaraq qalıb: qız atasının yanında qalmalıdır.
Məhkəmə icraatçıları ilə qalmaqaldan sonra qızı müvəqqəti olaraq anasının qohumlarının ailəsində saxladılar.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz tərəfindən məsələni araşdıraraq belə bir nəticəyə gəlib ki, Nuray psixoloji travma alıb və indi onu atasına vermək olmaz, çünki bu, uşağın maraqlarına zidd olacaq.
Xalası Mehriban Eldarova da öz növbəsində qızın atasının valideyn hüququndan məhrum olunması üçün məhkəmə prosesinə başlayıb. Onun əsas arqumenti də ondan ibarətdir ki, Əvəz Bayramov uşaqla maraqlanmayıb və boşanandan sonra uşağın anasına o, dünyasını dəyişənə qədər kömək etməyib.
Ədliyyə Nazirliyi hadisənin daxili istintaqına başlayıb.